CƏMİYYƏT
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusunun cəsədinin qaytarılması ilə bağlı müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Bu barədə müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların cəsədləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır. Bu, beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir. Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir.
Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.