CƏMİYYƏT
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusunun cəsədinin qaytarılması ilə bağlı tədbirlər görülür
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür.
Proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, baş vermiş hadisə zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərərək, döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin cəsədinin fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yayıb, Azərbaycan xalqının və həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlədib. Qarşı tərəf bu hərəkətləri ilə baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa cəhd edərək, qeyri-humanist simasını bir daha göstərib. Bu bədnam hərəkət Ermənistanın da qoşulduğu 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, beynəlxalq hüquqa zidd olan bu hərəkətlərə görə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.