SİYASƏT


Azərbaycan Ordusunun uğurlu əməliyyatları fonunda Prezident İlham Əliyevin nə qədər böyük strateq olduğu aydın görünür

Bakı, 21 oktyabr, AZƏRTAC

Elə abidələr, toponimlər, rəmzlər var ki, şərəfli keçmişi, dövlətçilik ənənələri olan xalqlar üçün müstəsna önəm daşıyır, toplumun millət olaraq formalaşmasında, dövlətçilik yaddaşının nəsildən-nəslə ötürülməsində, identikliyinin qorunub saxlanılmasında mühüm rol oynayır. Xudafərin körpüsü də Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları üçün belə bir müstəsna əhəmiyyətə malikdir. Xudafərin körpüsü Azərbaycan xalqının qurub yaratmaq, yollar, körpülər salmaq bacarığının simvollarından biridir. Əlincə, Bəzz, Qız qalaları döyüş ruhumuzun, Murov, Savalan, Şahdağ əzəmətimizin, Xudafərin işıqlı zəkamızın, yüksək mədəniyyətimizin, dünyagörüşümüzün rəmzidir. Bu baxımdan Xudafərin körpüsünün yerləşdiyi ərazinin işğaldan azad edilməsi, körpü üzərində müqəddəs üçrəngli bayrağımızın dalğalandırılması azərbaycanlıların xalq olaraq milli varlığını, birliyini ifadə edən müqəddəs bir rəmzin qurtuluşu, torpaqlarımızın azadlığı uğrunda apardığımız müqəddəs mübarizənin dönüş nöqtəsi, dünəndən bu günə, bu gündən sabaha - əbədiyyətə qədər var olacağımızı bütün dünyaya bəyan edilməsidir.

Bu fikirləri AZƏRTAC siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəyinə hər zaman inanıb və Vətənin bütövlüyü sevdasından heç zaman vaz keçməyib. 2016-cı ilin fevralında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında imzalanmış Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişdə, həm də bir neçə yerdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ yer alır. Sazişin preambula hissəsində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsində və istismarında hər iki tərəfin suverenliyinin vacibliyi vurğulanır, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti qeyd olunur.

Birinci maddədə bildirilir ki, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

Altıncı maddədə isə deyilir ki, tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Yəni, işğalçı ölkə və onun separatçı tör-töküntüləri heç bir halda “istismarçı tərəf” kimi çıxış edə bilməzlər.

Sazişin 8-ci maddəsində su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisindən istifadə qaydası heç bir istisnaya yol verilmədən müəyyənləşib.

Sitat: “Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər”.

İranla 2016-cı ildə imzalanmış saziş həm də o anlama gəlir ki, Azərbaycan sənəd imzalananda öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə və sazişin özünə aid hissəsini yerinə yetirəcəyinə əmin olub.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsinə dəqiqliklə hesablanmış, özündə iqtisadi, siyasi, hərbi, diplomatik proseslərin bütün seqmentlərini əks etdirən bir strategiya çərçivəsindən yanaşdığını, özünün dediyi kimi, “nəyi nə vaxt, necə etmək lazım gəldiyini” yaxşı bildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə hər kəsdən çox əmin olduğunu sübuta yetirir.

Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatların fonunda Prezident İlham Əliyevin nə qədər böyük bir strateq olduğu açıq-aydın görünür.

Azərbaycan Ordusunun bugünkü uğurlu əməliyyatlarına qədər alt qatında hansı hədəflərin olduğu büruzə verilmədən qlobal bir fəaliyyət planı həyata keçirilib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün formalaşdırılan beynəlxalq hüquqi bazadan, ən müasir hərbi texnika və silah-sursatdan, müdafiə sənayesi kompleksinin inkişaf etdirilməsindən, yüksək texnologiyadan istifadə etməklə həyata keçirilən əməliyyatların dəqiqliyi və uğuru üçün vacib şərt olan kosmik təminatdan, hərbi büdcədən humanitar forumlara, idman yarışlarına kimi... hələ uzun illər müzakirə və təhlil ediləcək nəhəng bir proses gerçəkləşdirilib. Azərbaycan bayrağının qaldırıldığı hər bir idman yarışında Azərbaycan xalqının döyüş ruhu oyadılıb, birinci Qarabağ müharibəsinin yaratdığı məğlubiyyət kompleksi darmadağın edilib.

Azərbaycan bugünkü uğurlarını onillər ərzində gerçəkləşdirilən, nəhəng intellekt, böyük zəhmət tələb edən bir fəaliyyətlə təmin etdiyi halda, işğal altında olan Azərbaycan ərazilərinin tam və qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan BMT TŞ-nin qətnamələrinin icrasına görə məsuliyyət daşıyanlar bu gün ordumuz qarşısında darmadağın olan işğalçı ölkəni dişinə qədər silahlandırıblar.

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılan hərbi texnikasının sayı belə ən müxtəlif araşdırma mərkəzlərinin hesabatlarında yer alan sayı xeyli üstələyir.

Qeyd edim ki, ATƏT-in 1990-cı ildə Parisdə keçirilən sammitində adi silahlar üzərində nəzarətin həyata keçirilməsini nəzərdə tutan 2 əsas sənəd qəbul edilib. Bunlardan biri Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişi, digəri isə etimadın və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı danışıqlar üçün hüquqi prosedurları və çərçivələri nəzərdə tutan Vyana Sənədidir.

Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinə əsasən, Ermənistan üçün 220 tank, 220 döyüş maşını və s. müəyyənləşdirilib.

Prezident İlham Əliyev xalqa sonuncu müraciətində Azərbaycan Ordusunun sıradan çıxardığı və qənimət götürdüyü tankların sayını açıqladı və qeyd etdi ki, indiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Yəni toplam 280 tank, Ermənistan üçün müəyyənləşdirilən kvota isə qeyd etdiyim kimi 220-dir. Bütün bunlar məhv edilən və qənimət götürülənlərdir. Hazırda Ermənistan ordusunun sıradan çıxarılmayan, yaxud çıxarılacaq tanklarının sayı nə qədərdir. Nə üçün ATƏT Ermənistandan Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinin tələblərinə əməl etməsini tələb etməyib. Axı bu illər ərzində Sazişə əməl olunması ilə bağlı ATƏT-in göndərdiyi mütəxəssislər Ermənistanın hərbi potensialını da təftiş ediblər. Onların arasında ən müxtəlif ölkələri – Yunanıstan, Fransa, Almaniya, Belçika, ABŞ və digər ölkələrin ATƏT tərəfindən görəvləndirilmiş təmsilçiləri olub. Ermənistanın 1992-ci ildə imzaladığı Sazişin tələblərinə əməl etməsi hansı səbəblərdən bu işğalçı ölkədən tələb olunmayıb? Suallar çoxdur... Bu illər ərzində Ermənistanın dişinədək silahlanmasına görə bu işğalçı ölkənin siyasi rəhbərliyi ilə yanaşı, ATƏT də, digər beynəlxalq təşkilatlar da, həmçinin iş işğalçını silahlandıran, yaxud silahlanmasına göz yuman ölkələr də məsuliyyət daşıyırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.