REGİONLAR
Azərbaycan Ordusunun yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Naxçıvan, 23 fevral, AZƏRTAC
Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən açıq dərsdə səsləndirilib.
“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda danışan muzeyin direktoru Ramil Orucəliyev qeyd edib ki, Ulu Öndərin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə ölkəmiz üçün gördüyü ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməklə yanaşı, burada Azərbaycanın ilk milli nizami ordu hissələrini yaratmasıdır. Ümummilli Lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul edilib, Naxçıvanda Dövlət Müdafiə Komitəsi yaradılıb. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul olunub.
“Ümummilli Liderin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi Silahlı Qüvvələrimizin qüdrətini gündən-günə artırır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ordu quruculuğu sahəsində həyata keçirilən ciddi və məqsədyönlü tədbirlər nəticəsində düşmən qarşısında alınmaz qalaya çevrilib”, – deyən Ramil Orucəliyev vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələri, eyni zamanda, zabit və gizirlər üçün yeni binalar, müxtəlif təyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hissələrin silah-sursatla təminatı da qat-qat yaxşılaşdırılıb.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə imkan verib.
Sonda kursantlar muzeyin ekspozisiyası ilə tanış olublar.