SİYASƏT


Azərbaycan-Pakistan əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycan-Pakistan əlaqələrinin perspektivləri müzakirə olunub

İslamabad, 30 oktyabr, AZƏRTAC

Pakistanın Bəlucistan əyaləti parlamentinin sədri Mir Can Camali və Milli Assambleyadakı Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi Azərbaycanın bu ölkədəki səfirliyində olublar.

Görüşdə ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində rəsmi Bakının təşəbbüsləri haqqında məlumat verilib.

Pakistan Senatının 2012-ci ilin fevralında Xocalı soyqırımını tanıdığını, 2013-cü il mayında isə Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələr qəbul etdiyini xatırladan səfir Daşqın Şikarov bu və digər məsələlərdə ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qonaqlar Pakistanın Milli Assambleyası və Bəlucistan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin qurulmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyindən danışıb, ölkələrimizin və xalqlarımızın münasibətlərinin səmimi dostluğa əsaslandığını vurğulayıblar.

M. C. Camali 2012-ci ilin martında ölkəmizə səfərini və keçirdiyi görüşləri xatırladıb.

F.K. Kundi isə bu ilin oktyabrında Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etdiyini diqqətə çatdırıb. O, Pakistanın Dera İsmail Xan bölgəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən “Heydər Əliyev su təchizatı sistemi”nin tikintisinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq edib.

Bəlucistan parlamentinin sədri Pakistanda, xüsusilə Bəlucistanın zəlzələdən zərər çəkən ərazilərində həyata keçirilən humanitar aksiyalara görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.