SİYASƏT
Azərbaycan-Pakistan münasibətlərinin inkişafında Ulu Öndərin müstəsna xidmətləri var
İslamabad, 11 may, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Səfir Heydər Əliyevin müstəqilliyin bərpası, gücləndirilməsi və dövlətçiliyin qorunub-saxlanması, imperiyanın təzyiqlərinə baxmayaraq milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsi, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu və xalqımız qarşısındakı əvəzsiz xidmətləri haqqında məlumat verib.
Ə.Əlizadə Azərbaycanın Pakistan ilə dostluq və qardaşlıq əlaqələrinin əsasının da məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin 1996-cı ildə Pakistana səfəri zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, turizm, elmi və texniki sahələrdə əməkdaşlığa dair mühüm müqavilələr imzalandığı, bununla da münasibətlərimizin inkişafına nail olunduğunu diqqətə çatdırıb.
Diplomat ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın milli maraqları əsasında həyata keçirilən müstəqil və uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndiyini, o cümlədən qardaş Pakistan İslam Respublikası ilə də münasibətlərimizin gündən-günə inkişaf etdiyini vurğulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad