REGİONLAR
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası fermerlərlə ilk görüşünü Bərdədə keçirib
Bərdə, 31 may, AZƏRTAC
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası fermerlərlə ilk görüşünü Bərdədə keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə pambıqçılıqla məşğul olan fermerlər, kənd təsərrüfatı mütəxəssisləri və pambıqçılıq şirkətlərinin nümayəndələri iştirak edib.
Assosiasiyanın sədri İbrahim Məmmədov çıxış edərək, yeni yaradılan qurumun məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, Assosiasiyanın əsas məqsədi pambıqçılığın inkişafına kömək göstərmək, bu sahədə dövlətin həyata keçirdiyi tədbirləri təbliğ etmək, pambıq istehsalı ilə bağlı yeni texnologiyaların tətbiqinə, müvafiq sahədə çalışan mütəxəssislərin biliklərinin artırılmasına yardımçı olmaq, Assosiasiyaya üzv olan fermerlərin hüquqlarını qorumaq, maarifləndirmə işləri aparmaq, kurslar, seminarlar, görüşlər keçirməkdir.
Görüşdə pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin fikirləri dinlənilib, pambığın becərilməsi və yığılmasında qarşıya çıxan çətinliklər müəyyən edilib. Tədbirdə, həmçinin pambıq bitkisinin becərilməsi, düzgün aqrotexniki xidmət, bitki xəstəlikləri və ziyanvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi preparatlardan düzgün istifadə ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Assosiasiya digər rayonlarda da pambıqçılıqla məşğul olan fermerlərlə görüşlər keçirəcək.