İQTİSADİYYAT
“Azərbaycan Polad İstehsalı Kompleksi” ilə “BelAZ”ın əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 3 fevral, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Samir Cəfərovla ölkəmizdə səfərdə olan “BelAZ” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Pyotr Parxomçikin başçılıq etdiyi nümayəndə heyətinin görüşü olub.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycan iqtisadiyyatı eləcə də “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC barədə geniş məlumat verən Samir Cəfərov kompleksin layihələndirilməsi və tikintisi istiqamətində görülən işləri qonaqların diqqətinə çatdırıb.
Baş direktor Pyotr Parxomçik bildirib ki, Azərbaycanla Belarus arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir və qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyətə malikdir.
Səmimi və dostluq şəraitində keçən görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xatırladaq ki, “BelAZ” ASC istehsal etdiyi ağır tonnajlı dağ-mədən texnikası öz texniki parametrləri və praktiki istismar effektivliyinə görə dünyada lider şirkətlərdən biridir. Ötən il “Azərbaycan Polad İstehsalı Kompleksi” beynəlxalq lizinq müqaviləsi və sərfəli maliyyə şərtləri ilə bu şirkətdə istehsal olunan 12 ədəd “BELAZ” markalı karyer yük avtomobili alıb. Alınan “BELAZ-7547” markalı 10 avtomaşının yükgötürmə qabiliyyəti 45 ton, “BELAZ-75131” markalı 2 avtomaşınının yükgötürmə qabiliyyəti isə 140 tondur. Həmin maşınlardan dəmir filizi hasilatında istifadə edilir ki, bu da hasil olunan filizin maya dəyərinin azı 20 faiz aşağı düşməsinə imkan yaradıb.
QSC dağ-mədən işlərində istifadə olunan texnika parkını genişləndirməyi nəzərdə tutur.
Belarus Respublikasından gələn nümayəndə heyətinin tərkibində MDB-nin ən böyük banklarından olan “Belarusbank”ın icraçı direktoru Vladimir Metelski, “Qrodnopromstroy” ASC-nin baş direktoru Əbdülvahab Vahabov və başqaları var.