İQTİSADİYYAT
Azərbaycan Polad İstehsalı Kompleksi təcrübəli kadrlarla təmin ediləcək
Bakı, 17 dekabr, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi” (APİK) Qapalı Səhmdar Cəmiyyətində (QSC) müasir tələblərə cavab verən Tədris Mərkəzi fəaliyyət göstərəcək. Əməkdaşlarımızın xarici ölkələrə ixtisasartırma kurslarına göndərilməsi, təcrübəli ekspertlərin dəvət olunması, təcrübə mübadiləsinin aparılması prioritet məqsədlərimizdəndir.
Bu barədə QSC sədrinin müavini vəzifəsini icra edən Elşən Cəfərov AZƏRTAC-a müsahibəsində deyib. E.Cəfərov APİK-i həm idarəetmə səviyyəsində, həm də istehsalat prosesinin hər bir mərhələsində peşəkar kadrlarla təmin edəcəklərini vurğulayıb: “Azərbaycanda dağ-mədən sənayesi, polad istehsalı sahəsində gənc mütəxəssislərin yetişdirilməsi, onların nəzəri və praktiki biliklərə yiyələnməsi, peşəkar kadrların hazırlanması üçün APİK-lə Təhsil Nazirliyi arasında xüsusi memorandum imzalanıb. Memorandum çərçivəsində APİK-ə metallurgiya üzrə mütəxəssislərin yetişdirilməsi, tələbələrlə görüşlərin təşkili və təhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulub”.
Sədr müavini qeyd edib ki, kompleksin fəaliyyəti çərçivəsində elmi tədqiqat işlərinin həyata keçirilməsi və elmi nailiyyətlərin istehsalatda tətbiqi məsələlərinin birgə icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə danışıqlar aparılır. “Azərbaycanda ağır metallurgiya sənayesinin yaradılması və inkişaf etdirilməsi, bu sahənin qısa müddət ərzində ölkənin qeyri-neft sektorunun aparıcı seqmentlərindən birinə çevrilməsi qarşımıza qoyulmuş başlıca vəzifədir. Azərbaycan Polad İstehsalı Kompleksi bu vəzifənin icrasının təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirəcək”, deyə E.Cəfərov bildirib.