CƏMİYYƏT
Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyinə həsr olunan yarış keçirilib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə DİN-in açıq birinciliyi keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin İdman Cəmiyyətinin Sumqayıt regional qurumunun təşkilatçılığı ilə keçirilən yarışın açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu vurğulayıb. O, silsilə tədbirlər çərçivəsində təşkil olunan bu yarışın önəmini qeyd edib, iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, bir əsrlik tarixi olan Azərbaycan Polisi keşməkeşli, lakin şərəfli yol keçib, Vətənə, xalqa sədaqətlə, ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.
Qeyd edilib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyulub, ölkədə sabit inkişaf üçün möhkəm zəmin yaranıb. Ümummilli Liderimizin rəhbərliyi ilə reallaşan islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılıb, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edilib. Bu gün Prezident İlham Əliyev həmin uğurlu siyasəti qətiyyətlə davam etdirir.
DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti, respublikamızda idmana olan diqqət və qayğı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb.
Yarışın açılış mərasimində gimnastların nümunəvi çıxışları və milli rəqslər əsl bayram ovqatı yaradıb.
Komandaların tribuna önündən keçidindən sonra yarışlara start verilib.
Birincilikdə 29 komandadan müxtəlif çəki dərəcələri üzrə 250 idmançı qələbə uğrunda mübarizə aparıb. Bayram əhval-ruhiyyəsi ilə keçən yarışlarda komanda hesabında ilk üçlükdə Sumqayıt Şəhər Uşaq Gənclər İdman Məktəbi, DİN İdman Cəmiyyətinin Sumqayıt şəhər regional qurumu və Siyəzən rayonundan olan idmançılar qərarlaşıblar.
Regional qurumun baş inspektoru, polis polkovniki Firudin Tağıyev idmançıların yarış hazırlığını yüksək qiymətləndirib, onların gələcəkdə peşəkar cüdoçular kimi yetişəcəyinə əminliyini bildirib.