SİYASƏT


Azərbaycan-Polşa əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavini Jan Dziedziczak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salınıb və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Polşaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edib. Polşanın Azərbaycanın mühüm tərəfdaşlarından olduğunu deyən nazir iki ölkə arasında iqtisadiyyat, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. O, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafından danışıb və Polşanın Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişi dəstəkləməsinin təqdir edildiyini bildirib.

Jan Dziedziczak Azərbaycanın və paytaxt Bakının inkişafının yüksək təəssüratlar doğurduğunu qeyd edib. O, Azərbaycanın birinci Avropa Oyunları, Formula-1 kimi mötəbər yarışların keçirildiyi məkan olduğunu bildirib və 41-ci Dünya Skaut Konfransının Azərbaycanın ev sahibliyi ilə uğurla keçirildiyini vurğulayıb.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın məmnunluq doğurduğunu deyən nazir müavini BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən builki seçkilərdə Polşanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nin müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Görüşdə ictimai diplomatiya və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və razılığa gəlinib ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyinə dair birgə fəaliyyət proqramı hazırlansın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.