Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Neftçi”ni böyük hesabla məğlub edib
AzerTAg.az
Bakı, 8 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında IX turun mərkəzi oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Qarabağ"ı qəbul edib. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 20-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Filip Ozobiç açıb. Xorvatiyalı yarımmüdafiəçi 9 dəqiqə sonra penaltidən fərqlənərək dubl edib. Görüşün 39-cu dəqiqəsində Mahir Emreli baxımlı qolla fərqi üç topa çatdırıb və komandalar fasiləyə bu hesabla yollanıblar.
İkinci hissəyə də hücumlarla başlayan "Qarabağ" 50-ci dəqiqədə Abdullah Zubirin qolu ilə rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cəmi 2 dəqiqə sonra 5-ci qolu "Neftçi"nin qapısından keçirən Ozobiç het-trik müəllifi olub. Matçda yekun nəticəni Musa Qurbanlı müəyyənləşdirib. Gənc hücumçu 75-ci dəqiqədə komandasının 6-cı qoluna imza atıb.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Köhlən atlar"ın ehtiyatda daha bir oyunu var. 14 xalı olan "Neftçi" isə 3-cü pilləyə geriləyib.
Tura hazırda davam edən "Sabah" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Xəbərin mətnində orfoqrafik səhv var