İDMAN
Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası “Neftçi” ilə xal fərqini azalda biləcəkmi?
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “Keşlə” klubu “ASK Arena”da çempionatın lideri “Neftçi”ni qəbul edəcək. Görüşün baş hakimi Rauf Cabbarov olacaq. Matç saat 17:00-da başlayacaq.
Xatırladaq ki, birinci dövrədə bu komandalar arasındakı ilk görüş “flaqman”ın qələbəsi ilə başa çatmışdı – 2:0.
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov ötən mövsüm rəhbərlik etdiyi komandaya qarşı sərfəli nəticə qazanmağa çalışacaq. Komandalar bu vaxta qədər 56 dəfə qarşılaşıblar. Bunların 28-də “Neftçi”, 14-də isə “Keşlə” qalib gəlib. On dörd matçda isə heç-heçə qeydə alınıb.
Topların fərqində də flaqman öndədir - 86:58. Komandalar arasında çempionatda keçirilmiş sonuncu dörd oyunda meydan sahibləri qələbə qazanıblar. Bu dueldə ardıcıl 11 oyunda heç-heçə qeydə alınmayıb.
Günün ikinci qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Son turlarda qələbə qazana bilməyən “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi “Azərsun Arena”nın işıqlandırma sistemində problem yarandığından oyunun yeri dəyişdirilib. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək.
İlk dövrədə baş tutan görüşdə son ölkə çempionu 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” çempionatda “Sumqayıt”a qarşı ardıcıl 6 ev oyununda meydanı 3 xalla tərk edib. Ağdam klubu, həmçinin rəqibə qarşı 12 matçdır meydanı qolsuz və xalsız tərk etməyib. Komandalar indiyədək çempionatda 25 dəfə üz-üzə gəliblər. “Qarabağ” 18, “Sumqayıt” isə 4 dəfə meydanı qələbə ilə tərk edib. Üç oyunda isə qalib müəyyənləşməyib.
Turun digər qarşılaşmaları isə noyabrın 4-də keçiriləcək. Saat 17:00-da “Qəbələ” öz meydanında debütant “Sabah”ı qəbul edəcək. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
“Qəbələ” ilk dəfə “Sabah”la doğma meydanda qarşılaşacaq. Komandaların ilk dövrədəki oyunu paytaxt təmsilçisinin minimal hesabla qələbəsi (1:0) ilə başa çatmışdı.
Nəhayət, turun sonuncu oyununda “Səbail” klubu “Bakcell Arena”da “Zirə”nin qonağı olacaq. Saat 19:00-da başlayacaq qarşılaşmanı idarə etmək Rəhim Həsənova tapşırılıb.
“Zirə” bu vaxta kimi “Səbail” ilə dörd dəfə üz-üzə gəlib. Onların üçündə zirəlilər qalib gəliblər, bir oyunda heç-heçə qeydə alınıb.
Qeyd edək ki, doqquz turdan sonra aktivində 22 xal olan “Neftçi” turnir cədvəlinə başçılıq edir. “Qarabağ” klubu 17 xalla ikinci, 16 xalı olan “Sabah” üçüncü, “Səbail” isə 14 xalla dördüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Sumqayıt” (11 xal), “Qəbələ” (9 xal), “Keşlə” (6 xal), və “Zirə” (5 xal) qərarlaşıb.