İDMAN


Azərbaycan Premyer Liqası: “Səbail” komandası “Sabah”ı böyük hesabla məğlub edərək üçüncü pilləyə yüksəlib

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da “Sabah”-“Səbail” matçı ilə Topaz Premyer Liqasının 11-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun “Əlincə Arena”da oynanılan açılış matçında “Səbail” komandası böyük hesabla qələbə qazanıb – 0:4.

Qarşılaşmanın ilk dəqiqələrində irəli atılan meydan sahibləri rəqibin qapısı qarşısında bir neçə təhlükəli hücum yaradıb. Buna baxmayaraq, rəqibi əks-hücumda yaxalayan “Səbail” matçın 4-cü dəqiqəsində hesabı açıb. Ruslan Qurbanov cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. Oyunun 27-ci dəqiqəsində “dənizçilər” hesab arasındakı fərqi iki topa çatdırıblar. “Səbail”in fransalı hücumçusu Kevin Kubemba uzaq məsafədən qapını dəqiq nişan alıb – 0:2. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra “Səbail” yenidən fərqlənib. Matçın 57-ci dəqiqəsində müdafiəçilərin səhvindən istifadə edən Yevgeni Koçuk fərqi üç topa çatdırıb. Lakin bu da oyunda sonuncu qol olmayıb. Matçın 77-ci dəqiqəsində Yevgeni Koçuk dublunu rəsmiləşdirərək oyunda son nöqtəni qoyub – 0:4. Matç bu hesabla da yekunlaşıb.

Bu qələbədən sonra “Səbail” xalların sayını 18-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. Premyer Liqada ardıcıl ikinci dəfə məğlub olan “Sabah” klubu isə 16 xalla dördüncü sıraya geriləyib.

Günün ikinci oyununda çempionatın vahid lideri “Neftçi” autsayder “Zirə” ilə qarşılaşır.

Tura noyabrın 11-də “Qəbələ”–“Qarabağ” və “Sumqayıt”–“Keşlə” oyunları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.