İDMAN
Azərbaycan Premyer Liqası: "Neftçi" klubu "Səbail"i böyük hesabla məğlub edib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də futbol üzrə Topaz Premyer Liqasının VIII turunun son qarşılaşmasında “Səbail” komandası öz meydanında “Neftçi” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, baş hakim Fariz Yusifovun idarə etdiyi görüşün ilk hissəsində “Neftçi” komandası hesabı açıb. Matçın 17-ci dəqiqəsində İqnasio Herrera topu rəqibin qapısından keçirib. Görüşün 32-ci dəqiqəsində Uqo Herqas hesab arasındakı fərqi iki topa çatdırıb.
Qarşılaşmanın ikinci hissəsində "Neftçi" hücumlarının sayını artırıb və 65-ci dəqiqədə üçüncü qolu "Səbail"in qapısından keçirib. Oyunda son nöqtəni isə Uqo Berqas qoyub. O, matçın 77-ci dəqiqəsində dublunu rəsmiləşdirib.
Görüşün 88-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Derlis Meza Kolli qırmızı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, görüş “Neftçi”nin 4:0 hesablı qalibiyyəti ilə başa çatıb. Paytaxt klubu aktivindəki xalların sayını 7-yə çatdırıb.
Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan “Sumqayıt”ın 10, beşinci pillədəki “İnter”in isə 8 xalı var. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq “Neftçi” (7 xal), “Səbail” (6 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.