İDMAN


Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatlandırılıb

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi səsvermə nəticəsində “Qarabağ”ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.

Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında “Zəfər kuboku” yarışı çərçivəsində keçirilən “Suqovuşan” – “Xocalı” oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçirilib.

Braziliyalı oyunçuya mükafatı gənclər və idman naziri Fərid Qayıbov verib.

Bundan əlavə, 2020/2021-ci il mövsümünün ən yaxşı oyunçusu seçilmiş, Türkiyənin "Bursaspor" klubunda çıxış edən Namik Ələskərovun mükafatı da təqdim olunub. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 27 yaşlı yarımmüdafiəçi hazırda Bursada olduğu üçün mükafatı onun 4 yaşlı övladı Amilə verib.

Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.

“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.

Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borges 47 səslə birinci olub. İyirmi altı yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.

“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.

Qalan baş məşqçilərdən 2-si “Neftçi”dən Emin Mahmudova, 2-si isə “Qarabağ”dan Maksim Medvedev və Patrik Andradeyə səs verib. Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İAM “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018-ci il mövsümü), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019-cu), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020-ci) və hazırda Türkiyənin “Bursaspor” komandasının formasını geyinən Namik Ələskərov (2020/2021-ci) ən yaxşı seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.