SİYASƏT


Azərbaycan Prezidenti AZƏRTAC ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi arasında informasiya mübadiləsi haqqında Sazişi təsdiqləyib

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında 2015-ci il fevralın 28-də Bakı şəhərində imzalanmış Sazişin təsdiq olunması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, AZƏRTAC-a saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan tərəfinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Azərbaycan ilə Türkmənistan dövlət informasiya agentlikləri arasında imzalanmış Saziş hər iki ölkədə baş verən hadisələr barədə müntəzəm informasiya mübadiləsini təmin etmək məqsədi daşıyır.

Sazişdə agentliklərin öz ölkələrinin daxili və beynəlxalq həyatının aktual hadisələri haqqında rus dilində informasiya materiallarını mübadilə etməsi nəzərdə tutulur. Tərəflər informasiya mübadiləsini xəbərlər, fotoşəkillər və təhlili materiallar formasında həyata keçirirlər.

Agentliklər jurnalistlərin, fotomüxbirlərin və kompüter texnologiyaları üzrə mütəxəssislərin ixtisasının artırılması və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə onların mübadiləsini təşviq edirlər. Həmçinin peşə fəaliyyətini həyata keçirərkən öz dövlətlərinin ərazisində akkreditə olunmuş jurnalist və fotomüxbirlərə təşkilati və texniki dəstək göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.