SİYASƏT
Azərbaycan Prezidenti BMT-nin Yüksək Səviyyəli İclasında Ermənistanın təxribatçılıq fəaliyyətini ifşa etdi
Bakı, 23 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan xalqı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş iclasında Qoşulmama Hərəkatının sədri kimi çıxışını qürurla dinlədi. Xalqımız bir daha dövlətimizin başçısının Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyət və prinsipiallıqla dünya ictimaiyyətinə çatdırmasının şahidi oldu. Prezident İlham Əliyev öz çıxışı ilə Ermənistanın təxribatçılıq fəaliyyətini, müharibə və işğalçılıq planlarını növbəti dəfə ifşa etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev təxribatların baş verməsi və gərginliyin artmasına görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərində düşdüyünü vurğuladı. Ermənistanın işğal olunmuş ərazilərdə beynəlxalq hüququ kobud şəkildə pozaraq qanunsuz həyata keçirdiyi məskunlaşdırma siyasəti ilə bağlı dünya liderlərinə məlumat verdi. Dövlətimizin başçısı Livandan və digər ərazilərdən gələn ermənilərin işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsini beynəlxalq hüququn pozulmasına beynəlxalq təşkilat və qurumlar tərəfindən münasibət bildirilməməsinin yolverilməz olduğunu dedi. Beynəlxalq təşkilatların susqunluğu səbəbindən son vaxtlar Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təxribatların sayı çox artıb. Ölkə rəhbəri Ermənistanın qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf almasının və təxribatlar törətməsinin heç bir normaya və hüquqa sığmadığını bildirdi. Prezident çıxışında Ermənistanın baş nazirinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozduğunu da qeyd etdi.
M.İbrahimqızı qeyd edib ki, Azərbaycan Prezidenti Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatının danışıqlar prosesinə ciddi zərbə vurduğunu, işğalçı ölkə tərəfindən ölkəmizə qarşı törədilən təxribatların təcili qarşısının alınmasını diqqətə çatdırdı. Dövlətimizin başçısı Ermənistanda həyata keçirilən “Azərbaycanofobiya” siyasətindən, erməni gənclərinə Azərbaycan xalqına qarşı nifrət aşılanmasından da danışdı və beynəlxalq təşkilatlar tərəfindən bunun qarşısının alınmasının zəruriliyini bildirdi.
“Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalmasını bir daha xatırlatdı. Dövlətimizin başçısı bu gün bütün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı olduğunu qeyd etdi. Bu gün Ermənistanın təxribatlarına beynəlxalq ictimaiyyət lazımi reaksiyanı verməlidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.