SİYASƏT


Azərbaycan Prezidenti: Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz onlarla normal münasibətlər qurmağa hazırıq

Bakı, 20 noyabr, AZƏRTAC 

Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində səsləndirib.

İndi Ermənistanda daxili böhranın hökm sürdüyünü diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin!”

Prezident qeyd edib ki, bundan sonra bu bölgədə Azərbaycanın imkanları, o cümlədən təsir imkanları genişlənəcək. “Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz - energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ermənistanın qonşuları ilə münasibətlərinə toxunan Prezident Azərbaycana qarşı işğala, Türkiyəyə qarşı ərazi iddiasına diqqət çəkərək deyib: “Rusiya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün”.

Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib. Bu barədə

danışan dövlətimizin başçısı qeyd edib ki, Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.