Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində iştirak etmişdir VİDEO

Bakı, 28 iyun (AZƏRTAC). İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə ATƏT-in 2011-2014-cü illərdəki fəaliyyətini əks etdirən fotostendə baxdı.

Stenddə Azərbaycanın qurumdakı fəaliyyətindən bəhs edən fotolar xüsusi yer almışdır.

Sonra ATƏT Parlament Assambleyasının iyirmi üçüncü sessiyasının plenar iclasının açılışı oldu.

ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç qurumun Bakıda keçirilən iyirmi üçüncü sessiyasının plenar iclasını açıq elan etdi. O, bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycana və şəxsən Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

 

Prezident İlham Əliyevin

çıxışı

- Cənab Parlament Assambleyasının prezidenti.

Cənab İsveçrə Prezidenti.

Hörmətli qonaqlar, əziz dostlar.

Əvvəlcə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Ümidvaram ki, ölkəmizə səfərinizdən razı qalacaqsınız. Bu cür mühüm tədbiri qəbul etməkdən şərəf hissi duyuruq.

Parlament Assambleyasının sessiyası Azərbaycanda ilk dəfədir ki, keçirilir. Hazırkı tədbiri təşkil etmək fürsətini bizə yaratmış bütün insanlara təşəkkürümü bildirirəm. Bununla bizə ölkəmizi, nailiyyətlərimizi təqdim etmək, o cümlədən üzləşdiyimiz çağırışlar və qarşımızda qoyduğumuz planlar haqqında danışmaq imkanı yaradıldı.

Bilirəm ki, qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk dəfədir ki, səfər edirlər. Beləliklə, bu tədbir onlar üçün ölkəmizi daha yaxşı tanımaq, bəzi tarixi yerlərlə tanış olmaq, tarixi abidələri görmək imkanı yaradacaqdır.

Abidələrimizdən bəziləri UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilərək qorunur. Azərbaycan qədim diyardır. Bu ölkənin böyük mədəniyyəti və tarixi vardır, lakin müstəqillik baxımından gənc ölkədir. Təxminən 23 ildir ki, biz müstəqil ölkə kimi yaşayırıq. Bu illər dövlətçiliyimiz, inkişafımız, gələcəyimiz üçün mühüm illər olub. Biz müstəqil dövlət qurmalı, müstəqil dövlətin əsaslarını yaratmalı, eyni zamanda, yeni siyasi sistem yaratmalı idik. Əslində, əvvəllər bizim heç bir siyasi sistemimiz olmayıb. Ona görə də demokratik təsisatların yaradılması, siyasi islahatların aparılması uğurlu inkişafımızın əsasını təşkil edib.

Siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi. Siyasi sahəyə gəldikdə, bildirmək istəyirəm ki, bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir. Azərbaycanda yüzlərlə çap mediası vardır, internet azaddır, əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir.

Bütün bunlar uğurlu inkişaf üçün ilkin şərtlərdir, çünki biz yalnız iqtisadi islahatları aparmaqla öz məqsədimizə nail ola bilməzdik. Məqsədimiz isə müasirləşmədir. Biz olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə qurmuşuq. Gələcəyimiz üçün isə planlarımız çoxdur. Gələn illər ərzində siyasi islahatlar gündəliyimizdəki əsas məsələlərdən biri olacaqdır. Biz daha çox işləməliyik, daha çox islahatlar həyata keçirməliyik. Əminəm ki, ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklər və apardığımız əməkdaşlıq planlaşdırdığımız bütün işləri icra etməyə imkan yaradacaqdır.

Əlbəttə ki, siyasi islahatlar cəmiyyətimizdə olduqca müsbət mühit yaradır. Siyasi vəziyyət sabitdir, proqnozlaşdırılandır. Bunun sayəsində biz gələcəyimizi elə planlaşdırırıq ki, müasirləşməyə nail olaq və Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirək.

Təbii ki, beynəlxalq təmaslarımız ümumi əməkdaşlıq baxımından mühüm rol oynayır. Eyni zamanda, bu münasibətlər milli maraqlarımızı daha yaxşı şəkildə müdafiə etməyə imkan yaradır. Bir sözlə, Azərbaycan çox fəal xarici siyasəti ilə seçilən ölkədir. Ölkəmizin çox aydın xarici siyasət prioritetləri vardır. Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür. Bu səbəbdən Azərbaycan hazırda etibarlı tərəfdaş sayılır, dost ölkələr, tərəfdaşlarımız buna görə bizə etimad göstərirlər. Bu, çox vacibdir. Çünki etimad elə bir şeydir ki, siz onu hər gün qurmalısınız. Yalnız bir səhv və ya yanlış addım bu etimadı məhv edə bilər. Buna görə də beynəlxalq ictimaiyyətin bir çox üzvləri, xüsusən Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlər bizim prioritetlərimizdən biridir. Bu sözləri həm də digər qitələrdə olan ölkələrə də şamil etmək olar.

Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Biz bu üzvlüyü dünya ilə daha yaxşı əlaqələr qurmaq fürsəti kimi qəbul edirik. Biz Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və bir çox digər beynəlxalq təşkilatların üzvüyük.

Xarici siyasət sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri iki il yarım əvvəl baş verdi. Azərbaycan 155 üzv dövlətin böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, beynəlxalq səhnədə mümkün olan ən böyük siyasi və diplomatik nailiyyət idi. Baxmayaraq ki, ölkəmiz gəncdir və dünyada o qədər də çox tanınmasa da biz öz namizədliyimizi irəli sürdük və dostlarımız atdığımız addımlara böyük etimad göstərdilər. BMT Təhlükəsizlik Şurasının fəal üzvü kimi Azərbaycan iki il ərzində sülh, təhlükəsizlik, sabitlik, ədalət amallarının və beynəlxalq hüquq normalarının həyata keçirilməsini təşviq etdi. Əslində, bu, bizim hazırkı prioritetlərimizdən biridir.

Bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamışıq. Bu yaxınlarda mən Avropa Şurasının Parlament Assambleyasında oldum və nitq söyləyərək prioritetlərimizi açıqladım. Burada onların hamısına yenidən toxunmaq istəməzdim. Lakin onlardan biri beynəlxalq hüquq normalarının qlobal səviyyədə bərqərar olunması üçün mexanizmlərin işlənib hazırlanmasından ibarətdir. Bu halda beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra mexanizmləri nəzərdə tutulur. Əfsuslar olsun ki, biz ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi oluruq. Bu məsələ Azərbaycan xalqını çox narahat edir. Görürük ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir. Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən beynəlxalq ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır.

Azərbaycan bu vəziyyətdən əziyyət çəkir, çünki biz 20 ildən çoxdur ki, erməni təcavüzü və işğalı ilə üzləşmişik. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, Azərbaycanın 20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edilən əzəli torpağıdır. Beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb. Beynəlxalq hüquq normaları pozulub. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilən ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr icra olunmamış qalır, kağız üzərində qalır. Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan sadəcə onlara məhəl qoymur. Onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub saxlamaq fikrindədirlər. Onlar hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlara belə məhəl qoymurlar. ABŞ, Rusiya və Fransa prezidentləri aydın şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o demədir ki, status-kvo dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmağa başlamalıdır. Lakin Ermənistan bu bəyanatlara məhəl qoymur. Buna görə də beynəlxalq təşkilatların qərarlarının icrası, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişələrin ölkələrin ərazi bütövlüyü əsasında həlli hər hansı qarşıdurmanın uğurla aradan qaldırılması üçün əsas şərtlərdən biridir.

Öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə, biz Helsinki Yekun Aktına diqqətlə baxsaq görərik ki, öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü şübhə altına salmamalıdır. Bundan əlavə, ermənilərin artıq müstəqil dövləti vardır, onlar artıq öz müqəddəratını təyin ediblər. Buna görə də tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas yoxdur. Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb.

ATƏT işğal edilən ərazilərə iki missiya ezam edib. Hər ikisi - faktaraşdırıcı və qiymətləndirmə missiyaları işğal edilən ərazilərdə hər şeyin tam dağıdıldığını qeyd ediblər. Bu, ölü zonadır. Şəhərlərimiz yerlə yeksan olunub, tarixi abidələrimiz dağıdılıb, məscid və qəbiristanlıqlarımız ermənilər tərəfindən məhv edilib. Bu, faktaraşdırıcı və qiymətləndirmə missiyaları tərəfindən etiraf olunur. Biz bu təşəbbüslərə görə ATƏT-ə minnətdarıq. Lakin yenə də bu hesabatlar münaqişənin həllində heç bir rol oynamır. Biz münaqişənin nizamlanmasına nail olmalıyıq. Bu, bizim ölkəmizə, xalqımıza, qaçqınlarımıza lazımdır. Region buna ehtiyac duyur. Çünki Ermənistan-Azərbaycan münaqişəsi region üçün əsas təhlükə mənbəyidir. Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin yaradılması və etimad doğuran tədbirlərin gücləndirilməsi üçün ən münasib yol erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması ola bilər.

Münaqişəyə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişafını nümayiş etdirir. Son 10 il ərzində biz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olmuşuq. Sosial və iqtisadi islahatlar firavanlığı təmin edib, işsizliyi və yoxsulluğu azaldıb. Hesab edirəm ki, hökumətimizin ən böyük nailiyyətlərindən biri sürətli iqtisadi inkişafın güclü sosial siyasətlə müşayiət olunmasından irəli gəlir.

Son 10 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalıb. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir. Biz ümumən işsizlik məsələsini həll etmişik. İşsizlik də təxminən 5 faiz səviyyəsindədir. Çox sabit maliyyə sistemimiz mövcuddur. Xarici borcumuz ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Bunun sayəsində bizim sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit götürmək imkanımız vardır. Kredit reytinqimiz S&P, Moody`s və Fitch kimi əsas reytinq agentlikləri tərəfindən yaxşılaşdırılıb. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırılıb. Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Gələcək üçün iqtisadi perspektivlər çox müsbətdir. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi üzrə fəal çalışırıq.

Bu gün Azərbaycan kosmos sənayesinə malik olan ölkədir. Peykimiz fəzaya buraxılıb, inkişaf etmiş informasiya texnologiyaları sistemimiz vardır.

Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən biri təhsildir. Biz təhsil sahəsinə böyük investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar, yaxşı mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman aldatmaya, xarici təsirə, müdaxiləyə məruz qala bilməz. Təhsil ekstremizmə, radikalizmə, millətçiliyə və ksenofobiyaya qarşı zəmanətdir. Bu məsələlər də Assambleyanın toplantısında müzakirə olunacaqdır.

Deyə bilərəm ki, Azərbaycanın təcrübəsi öyrənilə bilər. Çünki cəmiyyətimizdə multikulturalizm uğurumuzun əsas elementlərindən biridir. Biz çoxmillətli, çoxdinli ölkəyik. Bu, Azərbaycanın əsas sərvətlərindən biridir ki, ölkəmizin bütün vətəndaşları dini və etnik mənşəyindən asılı olmayaraq, bərabər hüquqlara və imtiyazlara malikdirlər. Biz vahid ailə kimi yaşayırıq, müxtəlif dinlərin nümayəndələri bayramları birgə qeyd edirlər. Bu, sözün əsl mənasında nadir təcrübədir və qlobal səviyyədə yüksək qiymətləndirilir.

Bu gün biz dünyada, bəzən istər Avropa, istər Asiyada, istərsə də Orta Şərqdə və ya qonşu bölgələrdə təcridolunma və ayrı-seçkilik kimi çox təhlükəli meyllərin şahidi oluruq. Biz bu məsələlərin həllinə nail olmalıyıq. Onları aradan qaldırmalıyıq, onlar haqqında danışmalıyıq və uğurun müsbət tərəflərini görməliyik. Əgər biz özümüzü elə aparsaq ki, bu cür məsələlər guya mövcud deyil və ya onları beynəlxalq forumlarda qaldırmasaq, fikrimcə, vəziyyət yalnız çətinləşəcəkdir. Çünki təəssüflər olsun ki, meyllər düzgün istiqamətdə cərəyan etmir.

Bu gün ölkələrin milli təhlükəsizliyinə enerji təhlükəsizliyindən ayrı baxıla bilməz. ATƏT Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Azərbaycan təhlükəsizlik və əməkdaşlığa töhfə verir. Enerji diplomatiyası vasitəsilə biz artıq regional əməkdaşlığı qurmuşuq və genişləndiririk. Bu gün planlarımız region hüdudlarından kənara çıxır. Enerji siyasətində ənənəvi tərəfdaş və müttəfiqlərlə yanaşı, bu gün biz təşəbbüslərimizə qoşulmaq üçün avropalı tərəfdaşlarımızı da dəvət edirik.

Azərbaycan dünyada ilk ölkədir ki, Xəzər, Qara və Aralıq dənizlərini şaxələndirilmiş boru kəmərləri ilə birləşdirir. Bunun sayəsində biz təchizat marşrutlarını müxtəlifləşdirmişik ki, bir marşrutdan asılı olmayaq. Bu, hasilatçı kimi bizim üçün çox vacibdir. Eyni zamanda, həmin şaxələndirilmə tərəfdaşlarımız üçün də vacibdir. Onlar enerji resurslarının əlavə mənbələrini qazanır, neft və qaz yataqlarımızda aparılan hasilat və infrastrukturumuz Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müəyyən dərəcədə enerji əməkdaşlığına söykənir. Mənimlə Avropa Komissiyasının sədri arasında 3 il əvvəl imzalanmış memorandumda Azərbaycan “Cənub” qaz dəhlizinin əsas tərəfdarı və təşəbbüskarlarından biri kimi qeyd olunur. “Cənub” qaz dəhlizi Azərbaycanın irəli sürdüyü tarixi layihədir. Biz maliyyə yükünün əsas hissəsini öz üzərimizə götürmüşük. Bu, çox böyük məsuliyyətdir və biz bu layihəni həyata keçiririk. Bu gün “Cənub” qaz dəhlizi üç əsas elementdən ibarətdir: dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağından qazın hasilatı, həmin qazın nəqli və şaxələndirmədir. Qazın nəqli üç boru kəməri ilə həyata keçiriləcəkdir. Tikinti işləri başa çatdıqda bizim Bakıdan Avropaya, xüsusən də İtaliyaya gedən böyük boru kəmərimiz olacaqdır. Söhbət Trans-Anadolu, Cənubi Qafqaz və Trans-Adriatik boru kəmərlərindən gedir. Bu, Avropa üçün hazırda həyata keçirilən ən böyük infrastruktur layihəsidir.

Azərbaycan isə belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu oynayır. Bu layihə bölgəmizin və Avropanın enerji xəritəsini dəyişəcək və bizim, yəni hasilatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarına xidmət edəcəkdir.

Enerji siyasəti, enerji təhlükəsizliyi və enerji diplomatiyası sahəsində həmin üç komponent arasında maraqların tarazlığı uğur üçün əsas şərtdir. Əminəm ki, biz buna nail olacağıq. Gələn illərdə tərəfdaşlarımızla bir yerdə biz bu tarixi layihəni başa çatdıracağıq.

Gördüyünüz kimi, mən ölkəmiz haqqında çox danışa və həyatımızın bir çox mühüm aspektlərini əhatə edə bilərəm. Lakin hesab edirəm ki, bu gün bizim üçün ən böyük üstünlüklərdən biri Bakıda bu qədər çox qonağımızın olmasıdır. Bir neçə gün ərzində sizin Azərbaycanı daha yaxşı tanımaq, ölkəmizi görmək, insanlarımızla tanış olmaq, vəziyyəti qiymətləndirmək, öz təəssüratlarınızı qazanmaq imkanınız olacaqdır. Əminəm ki, sizlərdən bir çoxu tərəfdaşlıq və dialoqun davam etdirilməsi məqsədilə ölkəmizə yenidən gələcəksiniz.

Bu gün bizimlə olduğunuza görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən Assambleyanın prezidentinə minnətdaram. Ümidvaram ki, bu günlərdə iclasınız uğurlu keçəcəkdir. Çox sağ olun.

X X X

ATƏT Parlament Assambleyasının prezidenti Ranko KRİVOKAPİÇ rəhbərlik etdiyi qurumun tarixin dərslərindən lazımınca ibrət götürdüyünü, müharibə və insanlıq üçün digər böyük təhlükələrin qarşısının alınmasında səylərini əsirgəmədiyini bildirdi.

Müsəlman Şərqində ilk dünyəvi dövlət quran Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edən Ranko Krivokapiç ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının da parlament demokratiyasının ən yaxşı nümunələrindən biri olacağına əminliyini ifadə etdi. O, Azərbaycan xalqının ATƏT-in məqsədlərinə və ölkəmizin bu qurum qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqliyini vurğuladı və bu istiqamətdə tədbirlərin davam etdirildiyini dedi. Demokratiya, çiçəklənmə, ATƏT-in üzv dövlətlərinin əməkdaşlığını və digər xoşməramlı təşəbbüsləri özündə ehtiva edən 1999-cu il İstanbul Bəyannaməsini xatırladan Ranko Krivokapiç bu baxımdan növbəti dövr üçün Bakı Bəyannaməsinin də mühüm əhəmiyyət kəsb edəcəyinə inamını diqqətə çatdırdı.

Milli Məclisin sədri Oqtay ƏSƏDOV bu sessiyanın əlamətdar hadisə olduğunu deyərək ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin artıq bir ənənə halı aldığını vurğuladı. Şərqdə ilk parlamentin məhz Azərbaycanda yarandığını deyən Oqtay Əsədov bu qurumun bugünkü fəaliyyətindən danışdı. ATƏT-in potensialına diqqəti cəlb edən Milli Məclisin sədri vurğuladı ki, münaqişələrin qarşısının alınmasına yönələn fəaliyyəti ilə ATƏT yalnız dialoq vasitəsi deyil, əməli fəaliyyət təşkilatı da olmalıdır, qurumun səmərəliliyi artırılmalı, münaqişələrin tənzimlənməsi təşkilatın proqramında mühüm yer tutmalıdır. Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Helsinki prinsiplərinin Ermənistan tərəfindən kobudcasına pozulduğunu təəssüflə qeyd edərək bu məsələyə qurumun layiqli qiymət vermədiyini diqqətə çatdırdı. Bildirdi ki, dövlətlərin ərazi bütövlüyü məsələsi Helsinki prinsiplərinin təməlində dayanır, amma Ermənistan uzun illərdir bu prinsipləri pozur, ATƏT tərəfindən isə heç bir addım atılmır. “Biz bunu ikili standartlar kimi qəbul edirik”, - deyən Milli Məclisin sədri ATƏT-ə güclü və ədalətli olmağı arzuladı.

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Prezidenti Didye BURKHALTER Bakıya dəvətə görə təşəkkürünü bildirdi, bu sessiyanın Bakıda təşkilinin Azərbaycanın ATƏT-in demokratikləşmə prosesinə sadiqliyini təcəssüm etdirdiyini vurğuladı. Diqqətə çatdırdı ki, burada ATƏT-in gələcək fəaliyyəti ilə bağlı nəticələr çıxarmaq üçün qurumun fəaliyyəti müzakirə ediləcəkdir. Bir müddət əvvəl regiona səfərini xatırladan ATƏT-in fəaliyyətdə olan sədri mövcud münaqişələrin həllinin vacibliyini vurğuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində iştirak etmişdir VİDEO

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir