RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci və ikinci hissələrinin layihələri çərçivəsində görülən işlərlə tanış olmuşdur

Bakı, 4 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin açılışında iştirak etmiş, magistralın ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olmuşdur.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ötürücülərinin tikilməsi, magistral yolların salınması, yeraltı və yerüstü keçidlərin inşası davam etdirilir. Prezident İlham Əliyevin abadlıq və quruculuq işlərini daim diqqət mərkəzində saxlaması nəticəsində görülən işlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən görülən məqsədyönlü tədbirlər nəticəsində paytaxtın yol-nəqliyyat infrastrukturuna yeni obyektlər əlavə olunmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tikilmiş tunelin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 65 metrə, eni isə 23 metrə yaxın olan tunelin inşası yüksək keyfiyyətlə başa çatdırılmışdır. Dörd zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 15 metrdir. Yolun bu sahəsinin müxtəlif hissələrində yeraltı piyada keçidlərinin inşasının başa çatdırıldığı, körpünün tikintisinin isə tamamlanmaq üzrə olduğu bildirildi.

Dövlətimizin başçısı tunelin açılışını bildirən lenti kəsdi.

Açılışdan sonra Prezident İlham Əliyev yolun rahatlığını yoxlamaq üçün sükan arxasına keçərək avtomobili idarə etdi.

Sonra Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış oldu. Layihənin texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, layihəyə görə 6 zolaqdan ibarət yolun bu hissəsinin ümumi uzunluğu 28 kilometr, hərəkət zolaqlarının eni isə 4 metrə yaxındır. Yol boyu avtomobil və dəmir yollarının üzərində 12 körpünün və yol ötürücüsünün inşası nəzərdə tutulur. Bu yolun inşasında əsas məqsəd Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrini strateji əhəmiyyətli Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh-Sumqayıt avtomobil magistralı vasitəsilə paytaxta daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində beynəlxalq nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, yeni magistral həmin yaşayış məntəqələrinə Bakı-Şamaxı avtomobil yoluna çıxmaqla respublikanın qərb zonası ilə təhlükəsiz, iqtisadi baxımdan daha səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir.

Layihə ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin