RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı “N” saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir

Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı “N” saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əvvəlcə hərbi hissənin qərargahında yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli Fərmanına uyğun olaraq, 15 aya inşa edilən bu hərbi hissənin ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat işləri görülmüş, 270 min kvadratmetr sahə isə abadlaşdırılmışdır.

Altımərtəbəli əsgər yataqxanasında olan Prezident İlham Əliyev bölmələrin yerləşmə və tədris şəraiti ilə tanış oldu. Məlumat verildi ki, burada əsgərlərin və digər hərbi qulluqçuların istirahəti və xidməti yüksək səviyyədə həyata keçirmələri üçün zəruri tədbirlər görülmüşdür. Əsgərlərin məişət şəraiti üçün lazımi infrastruktur yaradılmış, bütün növ xidmətlər yüksək standartlar nəzərə alınaraq təşkil olunmuşdur. Bundan əlavə, binanın yuxarı mərtəbəsində böyük konfrans zalı yaradılmışdır və burada hərbi hissənin həyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcəkdir.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu muzey isə həm də ideoloji mərkəz funksiyasını yerinə yetirir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna, o cümlədən ölkədə Sərhəd Qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulmuşdur.

Sonra Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə maraqlandı. Qeyd edildi ki, əsgərlərin yüksək səviyyədə qidalanması üçün burada hər cür şərait vardır. Hərbi hissənin ərazisində bütün zəruri avadanlıq və ləvazimatlarla təchiz olunan hospital fəaliyyət göstərir. 60 çarpayılıq hospitalda ambulator müayinələrin və müalicə işinin aparılması üçün bütün imkanlar nəzərə alınmış, əməliyyat bloku yaradılmışdır.

Dövlətimizin başçısı hərbi hissənin tədris meydanı və təlim poliqonunda da oldu. Burada Silahlı Qüvvələrin Ali Baş Komandanına yeni texnika və silah növləri barədə məlumat verildi. Qeyd olundu ki, bu gün Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir.

Diqqətə çatdırıldı ki, sərhədçi ailələrinin istifadəsi üçün dörd tədris qrupu üzrə nəzərdə tutulan 150 yerlik uşaq bağçası vardır. Burada uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə yerinə yetirilməsi üçün hər cür əyani vəsaitlərlə təchiz olunan bölmələr yaradılmış, məktəbəqədər hazırlıq guşələri qurulmuşdur. Bağçanın daxilində 2,1 min kvadratmetr sahəsi olan qapalı hovuz inşa olunmuşdur.

Daha sonra Prezident İlham Əliyev hərbi hissədə yaşayış binaları kompleksinin açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, hərbi hissənin ərazisində ümumilikdə 185 mənzilin olduğu beşmərtəbəli 5 bina tikilmişdir. Burada subay zabit və gizirlər üçün 120 nəfərlik otel tipli yataqxana da vardır. Burada yaradılan şərait təsdiqləyir ki, bu gün Azərbaycan Ordusunda müşahidə olunan hərtərəfli yüksəliş sərhədçilərin və onların ailə üzvlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə də müsbət təsir göstərir. Prezidentin Azərbaycanın bölgələrinə etdiyi səfərlərində hərbçilər və onların ailələri üçün inşa edilən binaların açılışında iştirak etməsi dövlətin ordu quruculuğuna diqqət və qayğısını nümayiş etdirir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin