RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul etmişdir

 Azərbaycan Prezidenti İlham Əliyev Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul etmişdir

Bakı, 8 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Meksika Birləşmiş Ştatları Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledonu qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Son illərdə əməkdaşlığımızın sürətlə inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Meksika arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Porfirio Munyoz Ledonun Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini vurğuladı.

Prezident İlham Əliyev ilə hələ Avropa Şurası Parlament Assambleyasında tanış olduğunu xatırlayan Meksika Birləşmiş Ştatlarının Konqresinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin