RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəs Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəs Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Bakı, 29 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi. Bakıda keçiriləcək birgə biznes forumun önəmini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizi bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmləndirməyin və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları müəyyənləşdirməyin zəruriliyini vurğuladı. Ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun ölkəmizə səfərinin fəal qarşılıqlı əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini dedi.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzov paytaxtda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi. Bakıda keçirilən birgə biznes forumun əhəmiyyətini qeyd edən Rəşid Təmrəzov forumun əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin