Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edilmişdir VİDEO

Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilmişdir. Noyabrın 24-də bu münasibətlə mərasim keçirilmişdir.

Bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun AMAŞOV dedi:

- Hörmətli cənab Prezident!

İcazə verin, çıxışıma başlamamışdan əvvəl “Jurnalistlərin dostu” adını ikinci dəfə qazanmağınız münasibətilə bütün həmkarlarım adından Sizi təbrik edim, Sizə ən xoş duyğularımı bildirim. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatını 1997-ci ildə təsis edib. Niyyətimiz cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.

Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatının qalibi kimi çıxışı, Azərbaycan mediasının dünəni, bu günü və sabahı ilə bağlı fikirlərini bölüşməsi hamımız üçün böyük şərəf və hər zaman fərəhlə anılan, unudulmaz xatirədir. İndi 2013-cü ilin qalibini təbrik etdiyim bir gündə 11 il öncəki tarixi də yada salmaqdan böyük məmnunluq duyuruq.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında təşkil etdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilibdir. Sorğunun nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 89 faiz səslə qalib gəlibdir.

Cənab Prezident, bizim sorğuda ikinci və üçüncü yerləri tutanları da biz qeyd edirik. İkinci və üçüncü yerləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri və “Bakcell” şirkətinin baş icraçı direktoru bölüşüblər. Onların da hər birinə təbrikimizi yetiririk.

Hörmətli mərasim iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikinci dəfədir ki, jurnalistlərin dostu seçilir. Milli jurnalistikamızın mənsubları ilk seçimlərini 2010-cu ildə ediblər. Seçimi zəruriləşdirən amillərə diqqət çatdırmaq istərdim. Əvvəlcə media ilə bağlı önəmli yaşantıları yada salardım. Milli mətbuatımızın 135 illik yubileyi bütün ölkədə bayram kimi qeyd olundu. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən Bakıda və bütün bölgələrdə çoxsaylı tədbirlər həyata keçirildi, 100-dən çox media təmsilçisi “Əməkdar Jurnalist”, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına, “Tərəqqi” medalına layiq görüldü. Ən böyük sevinclərdən biri Mətbuat Şurasında yaşandı.

Hörmətli cənab Prezident, Mətbuat Şurasının şəxsi diqqətinizlə ərsəyə gəlmiş yeni binasının açılışını bildirən lenti kəsdiniz. Şuranın idarə heyətinin üzvləri ilə keçirdiyiniz görüşdə medianın inkişafı ilə bağlı konseptual baxışınızı ifadə etdiniz. Bu baxış Azərbaycan mediasının perspektivlərini müəyyənləşdirmək baxımından son dərəcə önəmli idi. 2010-cu il iyulun 22-də jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan Sərəncam imzalamaqla milli mətbuatımızın 135 illik yubileyi təntənəsinə yeni ovqat bəxş etdiniz. Artıq 156 mənzilli binanın sakinləri məlumdur. Bu il jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoydunuz. Daha neçə-neçə həmkarımızı onun sakininə çevirmək üçün ümidləndirdiniz, cənab Prezident. Söz yox ki, o amil də jurnalistlərimizin 2013-cü il seçiminə təsirsiz ötüşməyib. Amma qalibiyyəti yalnız bu faktla bağlamaq istəməzdim.

Ölkə mediası sözün əsl mənasında keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Artıq internet Azərbaycan vətəndaşlarının operativ informasiya tələbatını ödəyən dünyəvi ünsiyyət vasitəsinə çevrilibdir.

Çoxsaylı internet, televiziya və radiolar on minlərlə insana yenilikləri çatdırır. Facebook şəbəkəsi ölkənin bir milyondan çox vətəndaşını əhatə edir. Otuz mindən çox bloqqer sərbəst və maneəsiz fikir və mülahizələrini cəmiyyətlə bölüşür. Jurnalist ictimaiyyətimiz bütün bunları, 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasının məntiqi nəticələrini əyani surətdə görür və dəyərləndirir. Mətbuat Şurası da fəaliyyətini zamanın tələblərinə uyğun şəkildə qurur. Bilavasitə peşəkarlıq prinsiplərinin onlayn medianı da əhatə etməsinə yönələn layihələr reallaşdırır.

Son beş ilin mühüm yeniliklərindən biri də KİV-lərə dövlət dəstəyinin sistemli mexanizminin yaranmasıdır. Bu, özünü mətbuat orqanlarının maddi–texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir. Hamımız yaxşı bilirik ki, bütün bunların qarantı dövlətimizin başçısıdır, cənab Prezident, Sizsiniz.

İnsan amilinin, dövlətin vətəndaşına qayğısının üzərində xüsusi dayanmaq istərdim. Bu qayğının sırf jurnalistə yönələn nümunəsinə “Teleqraf.az” saytının baş redaktoru Nicat Dağların şəxsində şahidlik etdik. Bir müddət əvvəl bu jurnalistimizin həyatı təhlükədə idi, cənab Prezident. Siz çox vacib bir anda insan taleyinə reaksiya verdiniz. Şəxsi göstərişiniz əsasında onun Almaniyada dövlət hesabına müalicəsi təşkil olundu. Bu gün şükürlər olsun ki, o aramızdadır. Belə həssas münasibətinizə görə, Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, jurnalistlər cəmiyyətin düşünən beynidir. Onlar hadisə və proseslərə özlərinə xas yanaşmaları ilə seçilirlər. Bu mənada Azərbaycan jurnalistləri Sizin şəxsinizdə təkcə dövlətin onlara göstərdiyi qayğını deyil, eyni zamanda, yeritdiyiniz daxili və xarici siyasət kursunu yaxından izləyirlər. Söz yox ki, onların Sizi özlərinə ikinci dəfə dost seçmələri, eyni zamanda, yüksək səriştəli dövlət adamı olmağınızdan, prinsipial dəst-xəttinizdən, Azərbaycanın dövlət müstəqilliyini qətiyyətlə qorumağınızdan, Vətənimizi beynəlxalq aləmdə layiqincə təmsil etməyinizdən, son 10 ildə ölkəmizi dinamik iqtisadi inkişaf müstəvisinə çıxarmağınızdan, bir sözlə, Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini tutmasından qaynaqlanır.

Heç şübhəsiz, bütün bunlar öz nəticəsini insanların rifah halının yüksəlməsində, onların həyat şəraitinin durmadan yaxşılaşmasında göstərir. Media cəmiyyətin güzgüsüdür. Azərbaycan cəmiyyəti 9 oktyabr seçkisində Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Sizi bu münasibətlə ölkə jurnalistləri adından bir daha təbrik edir, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq.

Cənab Prezident, Siz “Jurnalistlərin dostu” mükafatının qalibisiniz. Media təmsilçilərimiz Sizi həmişə özlərinin dostu biliblər. Sizi növbəti dəfə bu mükafatın qalibi seçməklə sadiq dostlarına olan ehtiramlarını bir daha nümayiş etdiriblər. Bu dostluq media təmsilçiləri ilə hər görüşünüzdə qaldırılan məsələlərə həssas münasibətinizdən, irəli sürülən təkliflərin real, əməli iş müstəvisinə daşınmasından qaynaqlanır. Bu mərasimin də yaddaşlarda eyni ruhda qalacağına tam əminik.

Sizi bir daha “Jurnalistlərin dostu” adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirik.

İcazə verin, cənab Prezident, mükafatı Sizə təqdim edək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı mərasimdə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin

giriş nitqi

- Hörmətli qonaqlar, media nümayəndələri.

İlk növbədə yenidən məni “Jurnalistlərin dostu” mükafatına layiq gördüyünüz üçün sizə minnətdaram. Doğrudan da mənim üçün böyük şərəfdir ki, ikinci dəfə bu ada layiq görülürəm. Çalışacağam ki, bundan sonra da “Jurnalistlərin dostu” kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyim.

Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.

Bildiyiniz kimi, Azərbaycanda azad jurnalistikanın yaradılması prosesi 1980-ci illərin sonlarına təsadüf edir. Ondan sonra 1990-cı illərin əvvəllərində bu prosesə daha da böyük təkan verilmişdir. Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə senzuranın ləğv edilməsi bu sahədə də dönüş yaratdı, bu sahədə də Azərbaycanın siyasətini əks etdirdi. Çünki 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın inkişaf konsepsiyası icra edilir. Bu konsepsiyanın əsas istiqamətləri bu gün artıq reallıqdır.

Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Azərbaycan öz iqtisadi potensialını azad iqtisadiyyat üzərində qurmalı idi. Azərbaycanda azad, demokratik cəmiyyət qurulmalı idi. 1998-ci ildə bu qərarın verilməsi, əlbəttə ki, təsadüfi deyildi və bir çox ölkələr üçün nümunə idi. Hesab edirəm ki, o gündən bu günə qədər Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilmişdir. İldən-ilə bu sahəyə ayrılan dövlət diqqəti, dəstəyi artıb. Son illər ərzində, hesab edirəm ki, Azərbaycan bu sahədə müxtəlif parametrlər üzrə çox böyük irəliləyişə nail ola bilmişdir.

Demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu vardır. Bu salonda əyləşən jurnalistlər, media nümayəndələri, media rəhbərləri o insanlardılar ki, Azərbaycanda azad medianın yaradılmasında xüsusi rol oynamışlar və bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Deyə bilərəm ki, bu gün bu salonda Azərbaycanda medianın inkişafı ilə bağlı istiqamətverici qurumların nümayəndələri iştirak edirlər. Əlbəttə, jurnalist cəmiyyətinin fəaliyyəti və jurnalist cəmiyyətindən cəmiyyətə gələn sifariş hesab edirəm ki, azad jurnalistikanın, müstəqil medianın yaradılmasında mühüm rol oynayır. Ancaq, eyni zamanda, dövlət siyasəti olmadan bu proseslər lazımi səviyyədə təşkil edilə bilməz. Hesab edirəm ki, Azərbaycanda bax, bu iki əsas istiqamətin birləşməsi bugünkü müsbət dinamikanı təmin etmişdir.

Azərbaycanda bütün azadlıqlar vardır. Azərbaycanda demokratik cəmiyyət qurulur. İqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılması, əlbəttə ki, ölkəmizin gələcəyini müəyyən edəcəkdir. Bu istiqamətdə atılan addımlar, hesab edirəm ki, gözəl bir nümunədir. Çünki bizim bütün istiqamətlər üzrə siyasətimiz açıqdır, aydındır. Dəfələrlə bu barədə mən fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan müasir dövlət qurur, müstəqil dövlət qurmuşdur və Azərbaycanın gələcək inkişafı iqtisadi və siyasi islahatlardan asılı olacaqdır. Mən hesab edirəm, son illər ərzində bu sahədə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, biz gələcəkdə də hər iki istiqamət üzrə inamla irəliyə gedəcəyik. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq tam reallaşıbdır. Gələcək illərdə demokratik inkişafla bağlı aparılacaq islahatlar, hesab edirəm ki, bu sahədə də Azərbaycandakı vəziyyəti ən yüksək səviyyəyə çatdıracaqdır.

Eyni zamanda, qeyd etməliyəm ki, demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. Siz də qeyd etdiyiniz kimi, bəzi məsələlərdə, xüsusilə, media nümayəndələrinin məişət problemlərinin həlli işində Azərbaycan ön yerlərdədir. Bu barədə mən bu ilin yayında öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, bu düzgün yanaşmadır. Çünki jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlar iş adamları, başqa kateqoriyadan olan insanlar kimi öz fəaliyyəti hesabına layiqli mənzillərə sahib ola bilmirlər. Ona görə dövlət öz dəstəyini mütləq verməlidir.

Hesab edirəm ki, Azərbaycanda bütün başqa sahələrdə dinamik inkişafın təmin edilməsi üçün ictimai-siyasi sahədə də müsbət dinamika olmalıdır. Bu ilin prezident seçkiləri onu göstərdi ki, Azərbaycanda ictimai-siyasi vəziyyət müsbətdir. Cəmiyyətdə ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur. Müstəqillik, dövlətçilik, müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir. Müstəqil Azərbaycan gənc dövlətdir, ancaq buna baxmayaraq, öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünəlayiq yer tuta bilibdir. İqtisadi müstəqilliyin əldə edilməsi nəticəsində siyasi müstəqillik də təmin edilir. Azərbaycan bu gün xarici siyasətlə bağlı nəinki bölgədə, regionda, dünya miqyasında öz rolunu oynayır. Daxildə gedən proseslər ölkəmizi daha da gücləndirir. Son illərdə Azərbaycanda aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, sosial məsələlərin həlli ölkəmizi böyük dərəcədə gücləndirmişdir.

Əlbəttə, bütün bu müsbət nəticələrlə, nailiyyətlərlə yanaşı, demokratik inkişafla bağlı irəliləyiş olmalı idi. Biz bunu görürük. Əlbəttə ki, hələ görüləsi işlər çoxdur, nöqsanlar da, çatışmayan cəhətlər də vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyində bu məsələlərlə bağlı çox dəqiq təsəvvür və çox güclü siyasi iradə vardır.

Müstəqillik tarixi bir şans idi. Bu salonda əyləşənlərin əksəriyyəti sovet dövründə yaşamış, fəaliyyət göstərmiş insanlardır. Biz hamımız o illəri yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, müstəqillik Azərbaycan xalqına çox baha başa gəldi. Ona görə bu tarixi şansı biz nəinki əldən verməməliyik, heç vaxt əldən vermərik. Eyni zamanda, müstəqillik dövründən maksimum səmərə ilə istifadə etməliyik. Elə dövlət qurmalıyıq ki, bu dövlətin əsasları sarsılmaz olsun, bu dövlət daim yaşasın, Azərbaycan xalqı bundan sonra daim müstəqillik, azadlıq şəraitində yaşasın.

Ancaq müstəqillik sadəcə olaraq dövlət atributları deyildir, müstəqil siyasət aparmaq imkanları da olmalıdır. Biz bir sıra müstəqil ölkə tanıyırıq ki, onların müstəqil siyasət aparmaq imkanları məhduddur. Azərbaycan o ölkələrdəndir ki, bütün çətinliklərə baxmayaraq, müstəqillik dövründə bu şansı əldən verməyib, dövlət müstəqilliyini möhkəmləndirə bilibdir, güclü dövlət əsasları qurulubdur, yaradılıbdır. Bu gün Azərbaycanın gələcək inkişafı ilə bağlı nə cəmiyyətdə, nə də ekspert cəmiyyətində heç bir şübhə yoxdur. Biz yalnız inkişaf yolunu gedəcəyik, öz qüdrətimizi artıracağıq, müstəqil xəttimizi bundan sonra da aparacağıq və güclü dövlət yaradacağıq. Bu istiqamətdə artıq bir çox məsələlər öz həllini tapmışdır. Güclü dövlət quruculuğu işində demokratik prinsiplər xüsusi yer tutur.

Onu da qeyd etməliyəm ki, məhz 1990-cı illərin ortalarında Azərbaycanın inkişaf konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada azadlıqlar, demokratik inkişaf məsələləri xüsusi yer tutur. Çünki demokratik cəmiyyət qurulmasa, bizim uğurlarımızın dayanıqlılığı təmin edilə bilməz. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə vardır. Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq.

Eyni zamanda, biz bütün siyasətimizi elə qurmalıyıq ki, ölkəmizin dayanıqlı inkişafı təmin edilsin. Çünki bu gün Azərbaycana qarşı dünyada çox böyük qüvvələr hərəkətə keçiblər. Əlbəttə ki, ilk növbədə erməni lobbisi Azərbaycana qarşı kampaniya aparır, mütəmadi qaydada ölkəmizi qaralamaq, ləkələmək, Azərbaycan haqqında təhrif edilmiş rəy yaratmaq üçün fəaliyyət göstərir.

XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.

Yəqin siz onu da yaxşı bilirsiniz ki, ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini bəzi xarici dairələr qəbul etmək istəmirlər. Bəzi xarici dairələr Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Xüsusilə, “Eurovision” ərəfəsində biz bunun şahidi olmuşuq.

Azərbaycana qarşı düşünülmüş, koordinasiya edilmiş, məqsədyönlü qaralama kampaniyası aparılırdı və əlbəttə ki, bu məsələ də diqqətimizi çəkmişdi. Biz də öz tərəfimizdən lazımi tədbirləri gördük ki, buna son qoyulsun. Mən hesab edirəm ki, hər sahədə olduğu kimi, bu sahədə də biz müdafiə prinsipləri ilə yox, hücum taktikasından istifadə etməliyik və etdik də. Hesab edirəm ki, ölkəmizin maraqlarını və imicini qoruya bildik.

Ancaq o da həqiqətdir ki, bu gün dünyada gedən proseslər, təsir uğrunda aparılan mübarizələr, - açıq və gizli mübarizələr, - əlbəttə ki, Azərbaycandan da yan keçə bilməz. Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa məlumatdan istifadə edib düzgün təhlil aparmaq üçün imkanlar vardır. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır.

Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - “qara piar” kampaniyası, ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq.

Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır və ola bilər. İlk növbədə hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, bizim yerli mediamız xarici təsirdən azad olsun. Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur. Mənim bu məsələ ilə bağlı öz fikirlərim vardır. İstəmirəm bu barədə geniş danışım. Amma hər halda inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır. Ancaq hələ ki, bu, belədir. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər vardır və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.

Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir. Biz bir çox hallarda inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürməyə çalışırıq. Orada da belədir. Bir neçə qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır. Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər. Bu, ilk növbədədir. Ondan sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə əlavə imkan, əlavə fürsət verir və bu fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində proseslər başqa istiqamətdə getsin. Ona görə, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də yaxşı olar.

Bax, bu barədə mən öz əsas fikirlərimi bildirmək istəyirdim. Əvvəlki görüşlərimizdə də biz jurnalistikanın inkişafı ilə bağlı fikir mübadiləsi aparmışıq. Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi – bütün bu məsələlər çox vacibdir. Siz özünüz də bunu hamıdan yaxşı bilirsiniz. Bilirəm ki, bu məsələlər Mətbuat Şurasında mütəmadi qaydada müzakirə edilir. Azərbaycan mediası daim inkişaf etməlidir. Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir.

Eyni zamanda, əlbəttə ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir. Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir.

Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq. Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda, dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik. Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik.

Mən bu mükafata görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir. Sağ olun.

X X X

Əməkdar jurnalist, Milli Məclisin deputatı Aqil ABBAS çıxış edərək dedi:

- Möhtərəm Prezident, əvvəla, Sizi bütün həmkarlarımızın adından Azərbaycan xalqının böyük iradəsi, etimadı ilə yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq. İnanırıq ki, böyük Azərbaycan gəmisini daha böyük dənizlərə, daha böyük uğurlara doğru aparacaqsınız. Eyni zamanda, deyim ki, “Jurnalistlərin dostu” mükafatını Siz ikinci dəfədir alırsınız. Əslinə qalsa həqiqi sözümdür bu mükafatı Siz hər il almalısınız. Çünki milli jurnalistikamıza, azad sözə, azad mətbuata göstərdiyiniz yüksək diqqət və qayğını bütün Azərbaycan xalqı bilir. Bu ənənənin təməli Ulu Öndər tərəfindən qoyulmuşdur. Ulu Öndər senzuranı ləğv etdi. Sonra qəzetləri çətin maliyyə durumundan xilas etdi. Nəşriyyatlara külli miqdarda borclarımız var idi. O vaxt möhtərəm Ulu Öndərimiz onu dondurdu, sonra da borcların hamısını sildi. Yoxsa, bəlkə də bugünkü Azərbaycan mətbuatı ola bilməzdi. Ulu Öndər onu etməsəydi, çox ağır bir vəziyyətə düşəcəkdi. Sonra da Sizin apardığınız siyasət, mətbuata yüksək münasibətiniz və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu yaratmağınız bu ənənənin layiqincə davam etdirilməsinin əyani sübutudur. Bu fond Sizin Sərəncamınızla hər il qəzetlərə maliyyə dəstəyi göstərir. Fondun büdcəsini bu il daha da artırmısınız. Yəni, bunlar hamısı azad sözün, azad mətbuatın inkişafı naminə edilir. Mən səmimi deyirəm, Avropanı da digər yerləri də görürük. Azərbaycan mətbuatı heç də Avropa mətbuatından, ya başqa ölkələrin öndə gedən mətbuatından geri qalmır, nə azad sözünə, nə cəsarətinə, nə də başqa amillərə görə. Özü də möhtərəm Prezident, Azərbaycanda çox güclü jurnalistika vardır. Azərbaycanda elə jurnalistlər vardır ki, öndə gedən Avropa qəzetlərinə dərs deyə bilər. Bu ənənənin qədim kökləri vardır, Sovet dönəmində də belə olub. Burada bizim gözəl müəllimlərimiz, Şirməmməd müəllim, Cahangir müəllim əyləşib, yəni bizə o dərsi onlar keçiblər.

Möhtərəm Prezident, mən bir məsələni də qeyd etmək istəyirəm. Əflatun müəllim dedi dünyanın heç bir yerində görünməyib ki, jurnalistləri dövlət evlə təmin etsin. Artıq dünyada belə bir qayda yoxdur ki, kiməsə pulsuz ev versinlər. Yəni, azad iqtisadiyyatı olan bir ölkədə hər kəs özü ev alır. Amma Sizin jurnalistlərə bu qədər diqqət göstərməyiniz, onlarla görüşləriniz, hər görüşdə jurnalistləri daha da ruhlandırmağınız əsas amillərdən biridir.

Möhtərəm Prezident, bir məsələni də qeyd etmək, bir problemi demək və bir arzumu da bildirmək istəyirəm. Müəyyən ixtisaslar var ki, məsələn, ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanı götürürlər. Məsələn idmanda, musiqidə, incəsənətdə və s. Bu gün Azərbaycan jurnalistikasında problemlərdən biri də qabiliyyət imtahanının olmamasıdır. Bunun nəticəsində təsadüfi adamlar gəlib jurnalistikaya düşürlər ki, sonra onlar gedib heç jurnalist işləmirlər və yaxud da ki, işləyirlərsə də “sarı mətbuat”a çevrilirlər. Əgər qabiliyyət imtahanı tətbiq edilərsə Azərbaycan jurnalistikası daha da güclənər, daha da savadlı olar, mətbuatımız daha da inkişaf edər. Mənə elə gəlir ki, bu, bütün jurnalistlərin ürəyindən keçən bir fikirdir.

Möhtərəm Prezident, Siz təkcə jurnalistikaya yox, Azərbaycanın bütün sahələrinə xüsusi diqqət göstərirsiniz. Bir faktı demək istəyirəm. Biz Sizin Sərəncamınızla çəkilmiş “Dolu” filminin Gürcüstanda təqdimatını keçirirdik. Onların məşhur bir rejissoru var, biz onu inandıra bilmədik ki, Azərbaycanda filmlər dövlət hesabına çəkilir. Deyirdi ki, elə bir şey ola bilməz. Onu inandıra bilmədik ki, hər il Azərbaycanda televiziyalara milli serialların çəkilməsi üçün vəsait ayrılır. Dedilər xoşbəxt insanlarsınız ki, sizdə cizgi filmləri, bədii film, sənədli film və milli seriallar çəkilməsi üçün dövlət qayğı göstərir, vəsait ayırır. Bütün sahələrə, ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə dövlət öz qayğısını göstərir. Buna görə də biz Sizə təşəkkür edirik. Əsas odur ki, Azərbaycanı Siz dünyada söz sahibi etmisiniz. Azərbaycanın dünyada yeri var, bayaq özünüz qeyd etdiyiniz kimi, möhtərəm Prezident, Azərbaycan başqalarının sözü ilə oturub-durmur. Bu, bizi sevindirir. Azərbaycan öz sözünü deyir. Başqa dövlətlərin, qonşu dövlətlərin, kiminsə təsiri altında deyildir. Sizin apardığınız bu siyasət bütün xalqın ürəyincədir və biz jurnalistlərin üzərinə nə düşür? Biz jurnalistlər də apardığınız bu uğurlu, müdrik siyasətdə xalqımızla birlikdə Sizə dəstək oluruq. Sizin gördüyünüz işləri, dünyada gedən prosesləri işıqlandırmaq, ölkəmizə qarşı aparılan “qara piarlar”a dərhal cavab vermək biz jurnalistlərin əsas vəzifəsidir. Biz bunu gücümüz daxilində edirik və bu görüşdən sonra yəqin ki, bu proses daha da güclənəcəkdir.

Möhtərəm Prezident, Sizin Sərəncamınızla çəkilmiş “Dolu “ filmini Sizə təqdim edirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Əməkdar Jurnalist, professor Şirməmməd HÜSEYNOV çıxış edərək dedi:

- Mən 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi. Təşəkkür edirəm.

Üzeyir bəy 1918-ci ilin martın əvvəllərində bildi ki, nə hazırlanır. Ailəsi ilə bərabər 1918-ci ilin martın əvvəlində getdi İrana. Yeddi aydan sonra - oktyabrın 23-də qayıtdı Bakıya. Qardaşı Ceyhun Hacıbəyli “Azərbaycan” qəzetinin redaktoru idi. Bu, aparıcı qəzet idi. Ceyhun bəy bizim nümayəndə heyətinin tərkibində Parisə getdi, Üzeyir bəy oldu redaktor. O vaxt müstəqil dövlətin mətbuat sahəsində siyasətini müəyyənləşdirmək lazım idi. Üzeyir bəy bunu qəzetdə müəyyənləşdirirdi.

Nə yazsa yaxşıdır? Birinci yazdı ki, gərək hər bir azərbaycanlı, hamı başa düşə ki, bu Vətən də, bu millət də, bu dövlət də bizimdir. Bu dövlətdə, bu Vətəndə ögey övlad yoxdur. Hamı bu Vətənin övladıdır. Bu Vətənin taleyi hamının taleyidir. Jurnalistlərin vəzifələrini müəyyənləşdirəndə dedi ki, bizim qəzetin səhifəsi kimə açıqdır? Vətən abadlığı birinci, millət salamatlığı ikinci, camaat tərəqqisi üçüncü, dövlət intizamı dördüncü, müstəqillik, istiqlal və yenə də istiqlal. Kim bu mövzuda yazırsa, bizim qəzetin səhifələri bir ananın öz doğma övladına açdığı qucaq kimi açıqdır.

İndi Prezidentə mətbuatın dostu mükafatı təqdim edilir. Biz Vətən abadlığından yazanlarıq, Vətəni abad edən deyilik. Biz millət salamatlığından yazanlarıq. Biz camaat tərəqqisindən yazanlarıq. Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz bu işləri görməsəniz biz jurnalistlər nə yazarıq? Bizim vəzifəmiz nə olar? Ona görə də Sizə “Jurnalistlərin dostu” adını vermək qanunidir, təbiidir, seçim düzdür. Sizi təbrik edirik.

Prezident İlham ƏLİYEV: Sağ olun!

Şirməmməd HÜSEYNOV: Təşəkkürüm var Sizə. Mənim səksən doqquz yaşım var, gələn il 90 olacaqdır. Arzu edirəm mənim qədər yaşayasınız. Mən ömrümün böyük bir hissəsini Cümhuriyyət tarixini öyrənmək işinə sərf etmişəm. Çünki 110 il müstəmləkəçilik rejimindən sonra 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi. Bu işin təşkilatçıları var idi. Srağagün Məmməd Əmin Rəsulzadə ilə bağlı Sərəncam vermisiniz. Mən Məmməd Əmin Rəsulzadənin bütün irsini öyrənən, çap edən adamam. Dörd cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən 15 min səhifə. Mən ərəb əlifbası ilə yazılmış 30-40 qəzetin səhifələrini axtarmışam, bunları toplamışam. Ürəyimdə deyirdim ki, bunları, mən yazmamışam və heç yana da müraciət edən deyiləm. Srağagün Sərəncamınızı oxuyanda dedim ki, görəsən Prezident haradan bilirdi ki, mənim ürəyimdən bu, keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki, Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məmməd Əminlə mənim aramda cəmisi 40 yaş fərqi vardır.

Yəni, ona görə mənim Sizə ikinci təşəkkürüm budur. Üçüncü bir xatirəmi danışmaq istəyirəm. Bir kitab çıxıb, Əziz Əliyev haqqında. Tahir Talıblının kitabıdır. O professordur, kafedra müdiridir. Əziz Əliyev haqqına həm Azərbaycan, həm də rus dilində yazıb. Burada bir faktı yazıb. Mən onu öz gündəliyimdə yazmışam. Amma çap etdirməmişəm və heç yanda da bunu danışmamışam, deməmişəm. Bu gün mən istəyirəm onu Sizə deyəm. Deməli, Tahir Talıblı 1957-ci ildə universitetin filologiya fakültəsinin beşinci kurs tələbəsi idi. Mən müsahibə almaq üçün gecə getmişdim Zevin küçəsində Əziz Əliyevgilin evinə. Məqsədim də bu idi ki, Bağırovun məhkəməsi olmuşdu, bu barədə Əziz Əliyevin fikirlərini öyrənim. Şəxsiyyətə pərəstiş, Bağırov dövründə Əziz Əliyevin, bilirsiniz də, başına oyun açmışdılar.

İstəyim bu idi ki, Əziz Əliyevin həmin dövr haqqında fikirlərini qeyd edim. Çünki o da bizim ən böyük dövlət xadimlərimizdən, alimlərdən, Vətənini, dövlətini ən çox istəyən adamlardan biri idi. Axşam indi bu nə yazır. “Я пришел к ним вечером”, - bu adam da Əziz Əliyevlə bir kənddəndir, ailəvi yaxındırlar, - “Привел меня к гостинную комнату, Там был Ширмамед муаллим и Азиз Алиев”. Mən indi dünəndən nəyi fikirləşirəm? Deyirəm ki, 56 il bundan əvvəl Əziz Əliyevlə söhbət aparan bir adamam. 56 ildən sonra onun nəvəsi, ölkənin Prezidenti olub. Mən indi o Prezidentlə görüşə gedirəm.

Ona görə də Sizə həm təbrik, həm təşəkkür, həm də tarixi fakt düşür. Mən Sizə müvəffəqiyyət arzulayıram. Ən azı mənim qədər yaşayasınız. Sağ olun!

X X X

Azərbaycan Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədri Yusif KƏRİMOV çıxış edərək dedi:

- Möhtərəm Prezident, fürsətdən istifadə edib mən də Sizi təbrik edirəm. Siz jurnalistlərin təkcə dostu yox, himayədarı və arxasısınız. Sizi ahıl jurnalistlər adından təbrik etmək istəyirəm.

Sizinlə görüşdən istifadə edib bir xahişimi bildirmək istəyirəm. Bizim siyahımızda təxminən 70-80 insan vardır ki, həyətə çıxmaq imkanı yoxdur, iki gözdən əlili, şikəsti vardır. Onların mənəvi dəstəyə, anılmağa, xətirlərini xoş etməyə ehtiyacları vardır. Biz çalışırıq və məramımız odur ki, onları ictimaiyyətlə qovuşduraq, xüsusən gənclərlə onların ünsiyyətini yaradaq ki, təcrübələrini gənclik ilə bölüşsünlər. Mən həmişə deyirəm, Mətbuat Şurasında çox qurumlar vardır, amma onların ola bilər ki, bəziləri öz dövrünü yaşayıb qurtarsın. Amma Ahıl Jurnalistlər Məclisi həmişə olacaqdır. Çünki cavanlar qocalacaq, ahıllar gedəcək, bu, beləcə dövr edəcəkdir.

Xahişim nədir?! Bu Məclis 2010-cu ildə təşkil olunub. Ancaq ictimai əsaslarla fəaliyyət göstəririk. Biz istədiyimiz kimi işləyə bilmirik, çünki vəsaitimiz yoxdur, bizə vəsait ayrılmır. Çox xahiş edirəm ki, əlaqədar təşkilatlara göstəriş verəsiniz. O insanları biz gedib evlərində yoxlayırıq, o insanlara anım günü keçiririk, dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin xatirə günlərini keçiririk.

Vaxtınızı almaq istəmirəm, Sizə bir daha təşəkkür edirəm. Bir daha təbrik edirəm ki, növbəti Prezident seçkilərində çox böyük üstünlüklə qalib gəldiniz. Bu, Sizin haqqınızdır, Sizin işinizin nəticəsidir. Bayaq yaxşı dediniz ki, biz yaşlılar müqayisə etməyi bir qədər yaxşı bacarırıq. Çünki o dövrdə də, bu dövrdə də yaşamışıq. Sizinlə görüşə gələrkən yoldaşlara deyirdim ki, təkcə bu prospekti salmaq üçün sovet dövründə yüz il vaxt lazım idi. Bu gün bütün Azərbaycan çox sürətlə inkişaf edir, bu prospektdən də gözəlləri yaradılıbdır.

Sağ olun. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun. Çox sağ olun.

X X X

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf ARİFOĞLU çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

“Jurnalistlərin dostu” mükafatını ikinci dəfə almağınız münasibətilə Sizi təbrik edirəm. Həm də Azərbaycanın media kapitanları qarşısında çıxışınıza görə Sizə təşəkkür edirəm. Çıxışınızda həm Azərbaycan dövlətinin strateji kursu, həm də dövlətin gələcəyində medianın rolunun önəmi ilə bağlı çox mühüm mesajlar verdiniz. Bu, bizi çox sevindirdi və ümidləndirdi ki, Azərbaycan dövlətinin demokratik inkişafının gələcəyində Azərbaycan mediasının rolu Prezident tərəfindən olduqca ciddi şəkildə göstərilir.

Dövlətin dəstəyini hiss etmək çox gözəl bir şeydir. Onu almaq daha da gözəldir. Biz neçə ildir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan Azərbaycanın yazılı mətbuatı olaraq dəstək alırıq. Açığı Sizə deyim ki, hazırda Azərbaycanın yazılı mətbuatının mövcudluğunun, yaşamının və inkişafının iki qaynağı vardır: birincisi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan, onun layihələrinin maliyyələşdirilməsi nəticəsində əldə olunan qaynaqdır. Digəri isə satış – qəzetimizin tirajının satışı nəticəsində əldə etdiyimiz qaynaqdır.

Biz bu dəstək, o cümlədən burada sadalanan mediaya göstərilən digər dəstək sayəsində bu illər ərzində işlərimizi də müəyyən qədər genişləndirə bilmişik. “musavat.com” adlı bir portalımız vardır, MDB məkanında 1700-ə yaxın resurs arasında 20-ci yerdədir, ilk iyirmilikdədir. Ümumiyyətlə, bu, Azərbaycan üçün böyük göstəricidir. Məlumat üçün Sizə onu deyim ki, nə Ermənistandan, nə başqa bir respublikadan bu göstəricidə təmsil olunan ikinci bir media qurumu yoxdur.

Eyni zamanda, bu imkanlardan istifadə edib rus dilində də bir portal yaratmışıq. Bu da Sizin bayaq dediyiniz kimi, informasiya mübarizəsi prosesində bizim rus dilində və rusdilli məkanda dövlətimizə, onun kursuna strateji məsələlərdə, müstəqilliklə, Dağlıq Qarabağla bağlı məsələlərdə verə biləcəyimiz bir dəstəkdir.

Hörmətli cənab Prezident, əlbəttə ki, hər bir sahədə, hər bir məsələdə olduğu kimi, media sahəsində də problemlər vardır. Bunu Siz də söylədiniz ki, nöqsanlar, qüsurlar olmamış deyildir. Mən fürsətdən istifadə edərək onlardan birini Sizin diqqətinizə çatdırmaq istəyirəm. Bayaq da dediyim kimi, Sizin dəstəyinizlə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan edilən yardımdan başqa bizim bir qaynağımız da yayımla, qəzetimizin satışından gələn gəlirlə bağlıdır. Bilirsiniz ki, Bakı şəhəri gündən-günə böyüyür, gözəlləşir və son vaxtlar Bakı şəhərində mövcud olan 500-ə yaxın qəzet köşkü yenilənmə prosesini keçirib. Biz açığı çox sevindik ki, köhnə köşklərin yerinə yeni dizayn edilmiş köşklər gətirilir. Sevindik ki, qəzetimizin satışı daha da yüksələcək, imkanlarımız daha da genişlənəcəkdir. Amma diqqətinizə çatdırım ki, çox təəssüf, bu köşklərin Bakı şəhərində qurulmasından sonra qəzet satışında müəyyən problemlər oldu. Köşklər öz təyinatları üzrə işləmədilər, açığı bizim qəzeti, digər qəzetləri satmaqdan müəyyən müddətdə hətta imtina etdilər. Görünür onlar üçün digər predmetlərin satışı daha maraqlıdır. Çünki qəzet satışı həm ağrılı, həm hesabat istəyən prosesdir, həm də qəzet o qədər bahalı bir əmtəə deyildir.

Digər tərəfdən də son vaxtlar metro stansiyalarında qəzet satışının yığışdırılması ilə bağlı çox ciddi bir problem yaşamaqdayıq. Əlbəttə, biz də başa düşürük ki, metro stansiyaları və metro insanların gediş-gəlişi üçündür və orada heç də hər şeyin satılması doğru deyildir. Lakin burada da bir qayda yaratmaq olar. İnsanlar hər gün işə və evə əsasən metro ilə gəlib-getdiklərinə görə bizim üçün çox maraqlıdır ki, orada satış nöqtələrimiz olsun. Mən çox xahiş edərdim, - bununla bağlı mənim Sizə rəsmi müraciətim də olub, - nəzərə alın ki, dövlət dəstəyindən başqa Azərbaycanda qəzetlər özləri də ayaq üstə durmaq, güclənmək istəyirlər. Azərbaycan vətəndaşlarına iş yeri açıb vergi ödəmə prosesini sürətləndirmək istəyirlər. Ona görə də Sizin verdiyiniz mesajlardan da əminliyimi bildirirəm və ümid edirəm ki, bu məsələlər öz həllini tapacaqdır.

Sizin burada Dağlıq Qarabağla, ermənilərlə kompromissiz siyasətlə, eləcə də Azərbaycanın müstəqilliyi istiqamətində edilən təzyiqlərə baxmayaraq dövlətimizin öz müstəqilliyini qoruması ilə bağlı verdiyiniz mesajları biz qəbul edirik. Biz dövlət yardımını sadəcə alıb özümüzü inkişaf etdirmək və istədiyimizi yazmaq haqqında düşünmürük. Bizim də ictimai və dövlət qarşısında olan vəzifələrimiz vardır. Biz də bu siyasi və strateji kursda dövlətin yanındayıq və bir sıra məqamlarda da biz bu dəstəyi verməyə çalışmışıq.

Diqqətiniz üçün təşəkkür edirəm.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

“525-ci qəzet”in baş redaktoru Rəşad MƏCİD medianın inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Hörmətli cənab Prezident.

Sizə çox təşəkkür edirik ki, qısa bir müddətdən sonra, Mətbuat Günündə o görüşün həyəcanı ötməmiş yenidən bizimlə bir yerdəsiniz, yenidən Sizinlə görüşürük. Qısa müddət olmasına baxmayaraq həmin görüşdən sonra bir sıra mühüm hadisələr baş verdi. Birincisi, jurnalistlər yenə öz seçimlərini etdilər, Sizi Azərbaycan jurnalistlərinin dostu elan etdilər. Sonra Azərbaycanda böyük bir proses oldu - prezident seçkiləri keçirildi və Siz prezident seçkilərində parlaq qələbə qazandınız. Həm ikinci dəfə “jurnalistlərin dostu” adını almağınız, həm də böyük səs çoxluğu ilə yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Seçki ərəfəsində biz sadə insanlarla görüşürdük, onların Sizə münasibətini görürdük. Seçki günü müşahidə edirdik ki, insanlar necə sevinə-sevinə, bayrama gedirmişlər kimi seçki məntəqələrinə gəlirdilər. Bu sevgini, bu məhəbbəti qazanmaq əlbəttə, böyük şərəfdir. Siz bunu öz fəaliyyətinizlə qazanmısınız. Biz bundan qürur duyuruq.

Sizin mətbuatla bağlı fikirlərinizə hər zaman diqqət yetiririk. İndi də çox dəyərli fikirlər dediniz. Bundan öncə Sizin Bakıda keçirilən sonuncu Humanitar Forumda dediyiniz fikirlər həm Forum iştirakçıları, həm media tərəfindən çox rəğbətlə qarşılanmışdı. Bir balaca öz gileyinizi bildirdiniz, medianın ancaq mənfi məsələləri daha çox qabartdığını vurğuladınız. Təəssüf ki, bəzi media orqanları ancaq kin-küdurət yaymaqla daha çox diqqət cəlb etmək, populyarlıq qazanmaq niyyəti güdürlər. Hətta belə olur ki, pis bir ənənə yaranır. Bizim gənc, yeni fəaliyyətə başlayan jurnalistlər bu yolu tanınmağın yolu kimi qəbul edirlər. Mənim yadımdadır ki, iki il öncə jurnalistika fakültəsinin tələbələri bir sayt açmışdılar. Həmin saytın ilk xəbərlərindən biri də ekskluziv bir xəbər kimi bir az da çox qürurla ki, bu xəbəri ilk dəfə biz verdik, yaşlı bir şairin ölümü barədə yazmışdılar. İndi aradan iki il keçib, şair Allaha şükür, sağ-salamatdır. Onda mən onları aradım və dedim ki, bəd xəbəri tez verməyə heç vaxt tələsməyin. İllah da ki, o bəd xəbər yalan ola. Amma bu ənənə hesab edirəm ki, çox pis ənənədir. Mətbuat insanları artıq elə bil ki, xəstə salır, onların təzyiqini qaldırır. Bu barədə Sizin dediyiniz fikirlər çox aktualdır. Mən başqa ölkələrdən də dediyim kimi, Forum iştirakçılarının bu narahatçılığını gördüm. Arzu edirəm ki, bizim sənətimiz, bizim peşəmiz ancaq xoş müjdələri yayan bir sənət kimi tanınsın, insanlarda mənfi məqamlar qoymasın.

Sonra Mətbuat Şurası binasının açılışında Sizin həm vətənpərvərliklə, həm mətbuata xarici təsirlə bağlı dediyiniz fikirləriniz, bu gün də bizim mediamızın xarici təsirdən uzaq olmasını arzulamağınız barədə biz həmişə düşünürük. Biz bilirik ki, illərlə müstəqilliyin xiffətini çəkmiş, arzulamış bir ölkəni sağdan, soldan, şimaldan, cənubdan çoxlu istəməyənlər, paxıllar, gözü götürməyən ölkələrin olduğu bir vaxtda müstəqilliyini qorumaq, saxlamaq, heç kimə əyilməmək, eyni zamanda da inkişaf etdirmək, gözəlləşdirmək çox çətin, ağır bir prosesdir.

Bu prosesdə əlbəttə, xarici qüvvələrin marağı vardır ki, Azərbaycanda hansısa narazılıqlar, narahatlıqlar olsun. Əgər bizim hansısa mediamız bu niyyətlərin güdazına gedirsə, buna dəstək verirsə, bəzən özgə, düşmən dəyirmanına su tökürsə əlbəttə ki, bu, bağışlanmazdır. Sizin bu narahatlığınızı başa düşürük və inanıram ki, bütün mediamız bu məsələdə Sizin fikirlərinizlə, dediyiniz vətənpərvərlik məqamları ilə həmrəy olacaqdır.

Mən bu görüş barədə dünən İstanbuldan beynəlxalq konfransdan gələrkən Atatürk hava limanında zəngdən eşitdim. Əvvəl bir az karıxdım, fikirləşdim ki, ya günləri qarışdırmışam ya səhv eşitmişəm. Çünki bazar günündə belə bir görüşün olmasını fikirləşmirdim. Amma dəqiqləşdirəndən sonra təsirləndim. Əlbəttə, təyyarədə də bu barədə düşündüm.

Əvvəla onu deyim ki, həmin beynəlxalq konfransda bir sıra ölkələrdən alimlər iştirak edirdilər. Onlar Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumdan qayıtmışdılar. Onlar Azərbaycan, Bakı, Sizin haqqınızda çox ürəklə danışırdılar. Bəziləri Forum çərçivəsində Naxçıvanda, Qəbələdə olmuşdular, çox heyranlıqla, ağızdolusu bəyəndiklərini bildirirdilər.

Mən təyyarədə dostluq barədə düşündüm, müdriklərin fikirlərini xatırladım ki, dostluq nədir, necə olmalıdır. Düşündüm ki, dostluq insanın gözləmədiyi çətin bir məqamda hayına yetmək, qeybdən var olan kimi onun hansısa bir problemini həll etməkdir. Bu mənada 7-8 il öncə Azərbaycan yazılı mətbuatı yenə bir çətinlik yaşayırdı. Onu da deyim ki, ilk dəfə 2001-ci ilin dekabrında yazılı mətbuat üçün çox böyük, ağır bir proses olanda ümummilli lider Heydər Əliyev o vaxt mətbuatı, yazılı mətbuatı, qəzetləri məhv olmaqdan xilas etmişdi. Belə bir proses isə yeni medianın ortaya çıxması, qəzet satışında, reklam bazarında olan problemlərlə bağlı yarananda biz düşünürdük ki, bizim işimiz, məsləkimiz, ömrümüzü həsr etdiyimiz və zövq aldığımız bu sənəti davam etdirə biləcəyikmi? Qəzetlər bağlanmaq təhlükəsindədir, qəzetlərin iqtisadi imkanları məhduddur. Belə bir vaxtda qeybdən böyük dost əli çiynimizə qonub və fond yaranıb. O Fondun sayəsində biz rahat nəfəs alırıq və qəzetlərimizin fəaliyyətindən əmin oluruq.

Sonra biz fikirləşirik ki, əməkdaşlarımız, uzun illər mediada çalışan işçilərimiz artıq vaxt keçir, yaşlaşırlar, bəzilərinin artıq övladları böyüyüb, kirayədə qalırlar. Belə bir vaxtda da yenə bizim böyük dostumuzun əli köməyə çatır və Siz 156 jurnalisti mənzillə mükafatlandırırsınız.

Bu gün də sonuncu belə bir təəccübümüz onda oldu ki, bazar günü, bu gün Azərbaycanda da, dünyada da çox siyasi xadimlər dövlət adamları, tanınmış insanlar vardır ki, Sizinlə görüşməyin həsrətini çəkirlər, çox istəyirlər Sizinlə görüşsünlər. İstirahət günündə ailənizə, doğmalarınıza ayıracağınız vaxtı bizə sərf edirsiniz. Mən hesab edirəm ki, bu da dostluğun böyük nümunəsidir. Biz Sizinlə dost olmaqdan qürur duyuruq. İndicə dediniz ki, Siz də dostluğa sadiqsiniz. Elə bilirəm ki, Siz başqa dövlət başçıları, siyasət adamları üçün bir nümunəsiniz ki, media ilə, jurnalistlərlə belə dost olmaq olar.

Buna görə də Sizə hədsiz təşəkkürümü bildirirəm. Azərbaycan mətbuatına verdiyiniz dəyərə və bizim jurnalistlərə bu cür ürək qızdırdığınıza görə çox minnətdaram, çox təşəkkür edirəm.

X X X

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə yekun nitqi söylədi.

Prezident İlham Əliyevin

yekun nitqi

- Çox sağ olun, əziz dostlar! Dediyiniz sözlərə, mənim ünvanıma dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Burada bir neçə təklif səsləndi. İstərdim ki, bu təkliflərə öz münasibətimi bildirim. Qabiliyyət imtahanları ilə bağlı hesab edirəm ki, bu, çox düzgün təklifdir və bunu biz nəzərə almalıyıq. Çünki jurnalistika xüsusi bir peşədir. Burada sadəcə olaraq gələcək jurnalistlərin peşəkarlığı, bacarığı testlə ölçülə bilməz. Ona görə hansısa formada, - əgər bu qabiliyyət imtahanı olarsa, - mən buna etiraz etmirəm. Baxın hansı formada bunu etmək mümkündür.

Seriallarla bağlı Aqil müəllim öz fikirlərini bildirdi ki, Azərbaycanda televiziya seriallarına dövlət öz dəstəyini verir. Doğrudan da belədir. Bilirsiniz, bunun səbəbi ondan ibarət idi ki, Azərbaycan telekanallarında daha çox xarici seriallar nümayiş etdirilirdi. Bir çox hallarda bu seriallar xarici ölkələrin həyat tərzini, məişət münasibətlərini əks etdirirdi. Seriallar əslində milli seriallar olmalıdır ki, Azərbaycan vətəndaşlarının maraqlarını təmin etsin. Ona görə qərar qəbul edildi ki, xarici seriallar müvəqqəti olaraq Azərbaycan televiziyalarından çıxarılsın. Belə olan halda məsələ qalxdı ki, bəs yerli serialları çəkmək üçün imkan yoxdur. Ona görə də biz belə qərar qəbul etdik. Bu gün görürəm ki, müəyyən çətinliklər olsa da, hər halda artıq yerli seriallar maraq doğurur və burada bir neçə məqsəd güdülür. İlk növbədə biz öz mövzularımız ətrafında tamaşaçılara məlumat veririk. Eyni zamanda, serialların çəkilişi, xüsusilə dövlət vəsaiti hesabına olanda iş yerlərinin yaradılmasına gətirib çıxarır ki, bu da aktyorlar, rejissorlar, ssenari müəllifləri və bu işlərlə məşğul olanlar üçün əlavə qazanc mənbəyidir. Əlbəttə ki, Azərbaycanda bundan sonra da həm kino, həm də seriallar çəkiləcəkdir. Azərbaycan dövləti bu sahəyə öz dəstəyini bundan sonra da əsirgəməyəcəkdir.

Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu. Doğrudan da bu, bir qədər gözlənilməz oldu. Sözün düzü, mən bilmirdim ki, siz babam Əziz Əliyevlə təmasda olmusunuz. Bu, mənim üçün də çox maraqlı, əziz xatirələrdir. Doğrudan da 1950-ci illərdə babamla görüşmüsünüz.

Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki, 1970-ci illərdə siz Azərbaycan televiziyasında siyasi icmal verilişi aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi - “Politiçeskoye obozreniye”. Onu Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.

Azərbaycan xalqı, xüsusilə, Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur.

Ancaq biz yaxşı bilirik, siz də hamıdan yaxşı bilirsiniz, o vaxt ölkə ətrafında və hətta ölkə daxilində gedən proseslər imkan vermədi ki, bu müstəqillik qorunsun. Cəmi 2 ildən sonra müstəqillik əlimizdən alınmışdır. O vaxt bolşeviklərin böyük yalanlarından biri də məhz bu olmuşdur. Çünki biz yaxşı bilirik ki, bolşeviklər bir neçə əsas şüarla hakimiyyətə gəlmişdilər - torpaq kəndlilərə, fabriklər fəhlələrə, xalqlara müstəqillik, özgürlük, hürriyyət. Heç birini də etmədilər. Axırıncını da, müstəqilliyi də əlimizdən aldılar. Amma tarixi şans elə gətirdi ki, bu xoşbəxtlik Azərbaycana bir daha nəsib oldu. Olmaya da bilərdi. Çünki o vaxt Sovet İttifaqı əlbəttə ağır vəziyyətdə idi, amma çökməyə də bilərdi. O vaxt çökməsəydi ola bilsin ki, bu gün də, necə deyərlər, ölkə hələ yaşaya bilərdi. Hər halda belə ehtimal da olmuşdur. Ona görə də bu tarixi şans idi. Azərbaycanda xalq hərəkatı, müstəqillik uğrunda gedən mübarizə, digər bəzi postsovet ölkələrində gedən mübarizə əlbəttə ki, Sovet İttifaqının süqutunu şərtləndirmişdir.

Bir daha demək istəyirəm ki, biz bu şansı əldən verə bilmərik. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində proseslər narahatedici idi. Bu gün isə bizim dövlət müstəqilliyimiz artıq sarsılmazdır. Müstəqillik mövzuları daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır. Müstəqilliyin üstünlükləri, - mən həmişə bu barədə danışıram, - nədən ibarətdir. Bu gün Azərbaycan heç vaxt tarixdə olmadığı kimi güclü bir ölkədir. Bugünkü Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim incəsənətimiz, idmanımız tarixdə ən yüksək səviyyəyə qalxmışdır. Bir neçə gün bundan əvvəl mən şahmat komandamızın nümayəndələrini qəbul etdim. Avropa çempionu olmuş Azərbaycan şahmat komandası yenə də Avropa çempionudur. Sovet dövründə bunu heç təsəvvür etmək mümkün deyildi. Bir-iki şahmatçımız var idi. Onlar da şahmat cədvəlində təqribən 10-cu, 15-ci yerlərdə idilər. Bax, budur müstəqilliyin üstünlükləri - müstəqil siyasət, güclü iqtisadiyyat, cəmiyyətdə hökm sürən ab-hava, milli həmrəylik. Bütün bunlar müstəqilliyimizin üstünlükləridir. Hesab edirəm ki, jurnalistlər də bu mövzular ətrafında bundan sonra da öz sözünü deyəcəklər.

Biz ahıl jurnalistlərin vəziyyəti ilə bağlı qaldırılan məsələyə də baxa, dövlət dəstəyini göstərə bilərik. Bu hansı formada ola bilər, onu siz müəyyən edin. Biz buna mütləq baxmalıyıq. Çünki Azərbaycanda, ümumiyyətlə, hər bir sahədə xidmət göstərmiş, böyük işlər görmüş veteranlara çox böyük diqqət göstərilir. Bu, belə də olmalıdır. Bu, bizim cəmiyyətimizin əsaslarını təşkil edir. Hər bir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin mənəvi dayaqları, sütunları vardır. Bunların içində yaşlı nəslə münasibət, hesab edirəm ki, ön plandadır. Heç də hər bir ölkədə belə deyildir. Azərbaycanda bu sahədə də tarixdən gələn meyllər, sifarişlər onu göstərir ki, bizim cəmiyyətimiz bu sahədə də nümunə ola bilər. Bir qədər bundan əvvəl mən yeni tikilmiş ahıllar evinə baş çəkdim, maraqlandım. Əlbəttə, orada şərait çox gözəl idi, beşulduzlu otelə bənzəyirdi. Ancaq maraqlandım və mənə məlumat verdilər ki, Azərbaycanda cəmi bir neçə belə ahıllar evi vardır. Nəyə görə, çünki buna ehtiyac yoxdur. Çünki bizdə böyüklərə, yaşlı insanlara hörmət həmişə cəmiyyətimizin dayağı olmuşdur. Bu gün də belədir və hər bir cəmiyyətin dayaqları möhkəm olmalıdır. Bizim milli adət-ənənələrimiz, milli bayramlarımız, böyüklərə olan hörmət, böyük- kiçik münasibətləri daim qorunmalıdır və qloballaşan dünyada buna daha da böyük diqqət verilməlidir. Çünki qloballaşma bir çox hallarda eyniləşmə prinsipi əsasında təsvir edilir. Buna yol vermək olmaz. Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir. Mən bu barədə də dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm və əminəm, siz hamınız bununla razılaşarsınız ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər və yaşlı nəslə olan hörmət, eyni zamanda, bu gözəl hissləri daha da gücləndirir.

Burada medianın problemləri ilə bağlı qaldırılan digər məsələlərə də toxunmaq istərdim. Satışla bağlı. Hesab edirəm ki, burada da əlbəttə ciddi düzəlişlərə ehtiyac vardır. Deyə bilərəm ki, Bakıya yeni köşklərin gətirilməsi təşəbbüsü də məndən gəlmişdir. Çünki şəhərimizin hər bir tərəfi gözəlləşir, abadlaşır və gördüm ki, köhnə, sınıq-salxaq köşklər bizim şəhərimizə yaraşmır. Ona görə dövlət hesabına yeni köşklər alınmış və fəaliyyətə başlamışdır. Amma ondan bir müddət sonra şəhərdə, şəhərin müxtəlif yerlərində olarkən görürdüm ki, bu köşklər bir növ kiçik bazarlara çevrilir, onun ətrafında meyvə-tərəvəz, ət məhsulları və s. satılır. Ciddi irad tutdum ki, bunu yığışdırın. Köşkün daxili o qədər rahat qurulub ki, orada qəzetlər, şokolad, əşyalar, hər şey satıla bilər. Amma biz köşkün ətrafını bazara çevirməməliyik.

Eyni zamanda, mən hər zaman orada qəzetlərin də asıldığını görürdüm. Əgər indi məsələ qaldırılır ki, orada qəzetlər satılmır, mən bu məsələni aydınlaşdıracağam. Əgər belədirsə, göstəriş veriləcəkdir ki, bu köşklərdə ilk növbədə qəzetlər satılsın, heç bir məhdudiyyət olmasın. Əli Həsənov bu barədə mənə məlumat verdi ki, bəzi hallarda qəzetlər asılır, ancaq məhdud sayda. Vətəndaşlar istədikləri qədər qəzet ala bilmirlər. Biz bu məsələni yoluna qoyacağıq. Burada heç bir məhdudiyyət ola bilməz. Qəzet satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və olmamalıdır.

Onu da qeyd etməliyəm, bəzi hallarda bizi bəzi beynəlxalq, xüsusilə qeyri-hökumət təşkilatları əsassız tənqid etməyə çalışırlar ki, Azərbaycanda mediaya qarşı siyasət düzgün deyildir, media boğulur, medianın problemləri vardır. Mən həmişə cavab olaraq deyirəm ki, Azərbaycanda azad internet vardır və internet istifadəçilərinin sayı 70 faizdən yuxarıdır. Bu gün Azərbaycan dövləti hər bir şəhərə dövlət hesabına genişzolaqlı internet çəkir. Bu layihə dövlət tərəfindən icra ediləcəkdir. Əminəm ki, yaxın bir neçə il ərzində hər bir şəhərə genişzolaqlı internet çəkiləcəkdir. Eyni zamanda, indi kəndlərdə də internet vardır. Mənim göstərişimlə nazirlərin bölgələrə səfərləri əsnasında, o cümlədən əhalidən gələn təkliflər də təhlil edilir. Onların içində bir təklif də ondan ibarətdir ki, qəbula gələn bir kənd sakini demişdi ki, bizim kənddə internet pis, fasilələrlə işləyir, mən işləyə bilmirəm. Yəni, dövlət bu işi öz üzərinə götürmüşdür.

Azad internet olan halda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir. Buna yol vermək olmaz. Bax, yəqin ki, indi məni eşidəcəklər. Əlavə göstərişlər də verəcəyəm ki, heç bir məhdudiyyət olmasın.

Medianın bəzi hallarda diqqəti mənfi məsələlərə cəlb etməsinə Rəşad da toxundu, mən də bu barədə demişəm. Doğrudan da bu, belədir. Bu, necə deyərlər, bir meyldir - Qərbdən gələn meyldir. İlk xəbərlər ancaq mənfi reaksiya doğura biləcək xəbərlərdir - ya zəlzələ, ya maşın qəzası, ondan sonra hansısa ölüm hadisəsi. Əlbəttə bu, insanların şüuruna da müsbət təsir etmir. Çünki cəmiyyətimizin üstünlüyü ondan ibarətdir və bunu Azərbaycana gələn qonaqların demək olar əksəriyyəti qeyd edir ki, cəmiyyətdə çox gözəl ab-hava vardır. Xarici qonaqları qəbul edərkən bir çox hallarda mənə deyirlər ki, əlbəttə, Bakının gözəlliyi, inkişafı onları təsirləndirir. Amma insanların üzündə olan təbəssüm, xoş əhval-ruhiyyə onları doğrudan da daha çox təəccübləndirir. Çünki biz bir çox şəhərlərdə başqa mənzərə ilə üzləşirik. Mən də xaricdə olarkən görürəm, siz də olursunuz, görürsünüz. Yəqin ki, bu, bizim cəmiyyətimizin üstünlüyüdür. Ola bilər ki, ölkədə gedən müsbət proseslər, insanların rifah halının yaxşılaşması, ümumiyyətlə, sabitlik, sakitlik, təhlükəsizlik - bütün bu amillərə biz, necə deyərlər, artıq vərdiş etmişik. Amma heç də hər yerdə belə deyildir. Ona görə cəmiyyətdə müsbət meyllərin inkişafı üçün mən demirəm ki, bütün xəbərlər ancaq xoş xəbərlər olsun. Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun. Hesab edirəm bu, Azərbaycanı bir çox ölkələrdən fərqləndirən amillərdən biridir ki, Azərbaycana gələn hər bir qonaq özünü çox rahat hiss edir.

Xalqımız çox qonaqpərvər, tolerant xalqdır. Eyni zamanda, Azərbaycanda ictimai asayiş qorunur, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Başqa ölkələrlə müqayisədə cinayətkarlıq çox aşağı səviyyədədir. Gün ərzində ölkə üzrə təxminən 30-40 cinayət baş verir, onların böyük əksəriyyəti məişət xarakteri daşıyır. Ona görə əlbəttə ki, mən bu barədə hər hansı göstəriş vermək istəməzdim. Amma hesab edirəm ki, müsbət və necə deyərlər, digər xəbərlərin balansı gözlənilərsə pis olmaz.

Bizim görüşümüzün bazar gününə təsadüf etməsi də mənim üçün adi iş cədvəlidir. Mənim üçün bazar günləri də iş günüdür. Bu gün hələ bir görüşüm də olacaqdır. Dünən də olubdur. Elə olur ki, mən həftələr ərzində bazar günlərində də işləyirəm. Elə olur ki, istirahət üçün daha çox vaxt olur. Prezidentlərin işi belədir ki, heç bir cədvələ sığmır. Mən ötən bazar gününü Kiyevdə keçirmişəm, ondan sonra Avstriyada. Bakıda qonaqlar olub. Dünən, bu gün, sabah. Həyat davam edir. İş çoxdur. Əgər biz doğrudan da böyük nailiyyətlərə çatmaq istəyiriksə, gərək hamımız fəal işləyək. Əminəm ki, işin nəticələrini görəndə hər bir vətəndaş sevinir. O cümlədən, görəndə ki, media cəmiyyətində də xoş əhval-ruhiyyə var, bu, məni doğrudan da çox sevindirir. Belə də olmalıdır.

Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.

Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır – Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz. Jurnalistlər üçün mənzillərin verilməsi bir daha bunu göstərdi. O tədbirdən gedəndən sonra mənə dedilər ki, açıq, şəffaf şəkildə püşkatma da oldu. Belə də olmalıdır.

Mən hesab edirəm ki, bizim belə görüşlərimiz böyük məna daşıyır. Biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, amma vaxtaşırı görüşürük. Əminəm ki, bundan sonra da belə görüşlərimiz olacaqdır. Ancaq burada bir problem ola bilər. Gələcəkdə, əgər bundan sonra da mən mediaya dəstəyimi verəcəyəmsə və bunu artıracağamsa istisna edilmir ki, siz məni üçüncü dəfə “Jurnalistlərin dostu” seçəcəksiniz. Bir daha bu mükafata görə Sizə minnətdaram. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edilmişdir VİDEO

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib