Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub VİDEO

Düşənbə, 16 oktyabr, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.

Prezident İlham Əliyevi universitetin tələbələri duz-çörəklə qarşıladılar.

Əvvəlcə dövlətimizin başçısı universitetin bitkilərin öyrənilməsi üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldu. Bildirildi ki, bu mərkəzdə bitkilərdən təbabətdə istifadə olunan müxtəlif müalicəvi vasitələr hazırlanır.

Prezident İlham Əliyevə ali təhsil ocağının kitab fondunda saxlanılan qədim əlyazmalar haqqında da məlumat verildi. Burada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bir neçə əsərin orta əsrlərə aid əlyazmaları da var.

Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyev, Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon haqqında kitablar nümayiş olunur.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında tacik dilində çap olunmuş kitabı imzaladı.

Sonra Fəxri Doktor diplomunun təqdimat mərasimi oldu.

Tacikistan Milli Universitetinin rektoru Mahmaisuf İMOMOV çıxış edərək dedi:

- Çox hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev.

Hörmətli qonaqlar, əziz həmkarlar və dostlar.

İcazə verin Tacikistan Milli Universitetinin professor-müəllim heyəti və tələbələri adından Sizi universitetimizin divarları arasında salamlayaq. Tacikistanın Milli Universitetinə xoş gəlmisiniz.

Rektor bildirdi ki, xalqlarımız əsrlərin dərinliyindən gələn qarşılıqlı münasibətlər ənənələrinə malikdirlər.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığından danışan rektor bir çox nəsillərin nümayəndələrinin bu yaradıcılıqdan bəhrələndiyini söylədi.

Tacikistanlı alimlərin Azərbaycanın böyük oğullarının əsərlərinin öyrənilməsi istiqamətində xeyli iş gördüklərini vurğulayan rektor dedi:

- Çox hörmətli İlham Heydər oğlu. Biz Sizi multikulturalizmin fəal tərəfdarı kimi tanıyırıq. Sizin rəhbərliyinizlə Azərbaycan, xüsusilə onun paytaxtı Bakı mühüm elmi və mədəni mərkəzə çevrilir. Bakı Beynəlxalq Humanitar Forumu ənənəvi hal alır. Mədəniyyətlərarası dialoqun çətinliyi şəraitində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ideyanız, cənab Prezident, xüsusilə aktualdır. Tacikistanın elmi və universitet ictimaiyyəti, o cümlədən Tacikistan Milli Universitetinin alimləri və müəllimləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışlayırlar. Əminəm ki, müasir dünyanın problemlərinin həlli istiqamətində bizim alimlərimiz azərbaycanlı həmkarları ilə fəal əməkdaşlıq edəcəklər.

Tacikistan Milli Universiteti Azərbaycanın təhsil və elmi müəssisələri ilə humanitar əməkdaşlığı inkişaf etdirmək əzmindədir. Bizim universitetlə Bakı Dövlət Universiteti arasında xüsusi münasibət yaranıb. Universitet Azərbaycan mədəniyyətinin yayılması işinə öz töhfəsini verir, qardaş xalqlarımızın yaxınlaşmasında fəal addımlar atır. Sizin səfəriniz ərəfəsində - oktyabrın 14-də universitetimizdə Elmira Axundovanın tacik dilinə tərcümə olunmuş 6 cildlik “Heydər Əliyev: şəxsiyyət və zaman” əsərinin və Nikolay Zinkeviçin Azərbaycan xalqının böyük oğlu, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş “Həyatın ziqzaqları” kitabının təqdimatı keçirilib.

Çox hörmətli İlham Heydər oğlu! Elmin, təhsilin və mədəniyyətin, beynəlxalq əməkdaşlığın, Tacikistan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə, inkişafına verdiyiniz mühüm töhfələri nəzərə alaraq, Tacikistan Milli Universitetinin Elmi Şurası 2014-cü il oktyabrın 14-də Sizə Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilməsini qərara alıb. İcazə verin, Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun və Universitetin Elmi Şurasının fəxri üzvü mantiyasının təqdim edilməsi ilə bağlı təntənəli mərasimi açıq elan edim.

Hər iki ölkənin dövlət himni səsləndirildi.

Universitetin rektoru Mahmaisuf İMOMOV dedi:

- Hörmətli qonaqlar. İcazə verin Tacikistan Milli Universiteti Elmi Şurasının qərarını səsləndirim. Tacikistan Milli Universiteti Elmi Şurasının qərarı. “Universitetin Elmi Şurası universitetin rektorunun təqdimatını dinləyərək qərara alıb ki, Azərbaycan Respublikasının Prezidenti, siyasi elmlər doktoru İlham Heydər oğlu Əliyevə diplom və mantiya təqdim edilməklə Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilsin”.

Cənab İlham Heydər oğlu Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu və universitetin Elmi Şurasının fəxri üzvü mantiyası gətirilsin.

Fəxri Doktor diplomu və mantiyası Azərbaycan Prezidentinə təqdim olundu.

Mahmaisuf İMOMOV dedi:

- Artıq İlham Heydər oğlu Əliyev Tacikistan Milli Universitetinin Fəxri Doktoru və universitetimizin Elmi Şurasının fəxri üzvüdür. Təbii ki, söz fəxri doktorumuz, Azərbaycan Respublikasının Prezidenti, siyasi elmlər doktoru İlham Heydər oğlu Əliyevə verilir. Buyurun.

X X X
Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Əziz dostlar!

İlk növbədə Tacikistan Milli Universitetinə mənə bu universitetin Fəxri Doktoru adı verilməsinə görə dərin təşəkkürümü bildirmək istərdim. Bu, mənim üçün böyük şərəfdir və bunu təkcə mənim xidmətlərimə deyil, həm də ölkəmizə - Azərbaycana hörmət əlaməti hesab edirəm.

Yenidən qardaş Tacikistan torpağında olmağıma şadam. Bu, sizin ölkənizə mənim ikinci rəsmi səfərimdir. Dostum, qardaşım Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir.

Ölkələrimizi qədim tarixi əlaqələr bağlayır, xalqlarımız həmişə dost olub, bir-birini dəstəkləyib. Biz görkəmli əcdadlarımızla fəxr edirik. Tacikistanda Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə, diqqətlə yanaşılmasını biz Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu gün mənə böyük əcdadımızın qədim kitablarını nümayiş etdirdilər və mən bu imkandan istifadə etdim. İndi təsdiqləmək istəyirəm ki, Tacikistan Milli Universitetinin nümayəndə heyətini Azərbaycana, məhz Gəncə şəhərinə - böyük Nizaminin vətəninə gəlməyə, onun yaşadığı, yaratdığı və öz ölməz əsərlərini qələmə aldığı yerlərdə olmağa dəvət edirəm. Belə misallar çoxdur.

Bizi mədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarix birləşdirir. Sevindirici haldır ki, müstəqillik dövründə biz əməkdaşlığımızın bütün bu müsbət elementlərini nəinki qoruyub saxlamış, həm də əməkdaşlıq potensialını artırmışıq. Lakin bu gün həm geniş tərkibdə, həm də Tacikistan Prezidenti ilə təkbətək görüş və danışıqlar çərçivəsində biz qarşılıqlı maraq doğuran, münasibətlərimizin gələcək inkişafını təyin edəcək məsələlərin çox geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Biz əməkdaşlığımızın potensialına eyni cür baxırıq və ölkələrimiz əlindən gələni etməlidirlər ki, əməkdaşlığımız daha da möhkəmlənsin, bir-birimizi dəstəkləyək, biznes qurumları səviyyəsində əlaqələr yaradaq, ölkələrimizdə həyata keçirilə biləcək layihələrə fəal qoşulaq. Başqa sözlə desək, uzun illər öncədən tamdəyərli əməkdaşlığı təmin edək. Bunun üçün baza var. Bu, xalqlarımızın qarşılıqlı rəğbəti, bizim ümumi tariximiz, tarixi keçmişimiz və bu gün əməkdaşlığı genişləndirmək, ölkələrimizi inkişaf etdirmək arzusudur.

Bu gün Tacikistan Prezidenti ilə söhbətdə mən onu və onun timsalında bütün Tacikistan xalqını ölkənizin müstəqillik illərində, xüsusən son dövrlərdə qazandığı uğurlar münasibətilə təbrik etdim. Mən bunu şəxsən söyləyə bilərəm, çünki yeddi il bundan əvvəl Tacikistanda olmuşam və bu gün Düşənbədə həyata keçirilən dəyişikliklər, inkişaf, yeni binaların tikilməsi, Düşənbənin daha da gözəlləşməsi, istirahət zonalarının yaradılması, ictimai yerlərin abadlaşdırılması göz qabağındadır.

Sizin iqtisadi inkişaf dinamikanız çox yaxşıdır. Təbii ki, bunun əsasını cəmiyyətdə ictimai-siyasi həmrəylik, həm Tacikistanda, həm də Azərbaycanda xalqlarımızın çox yüksək qiymətləndirdiyi sabitlik təşkil edir. Çünki təəssüf ki, müstəqilliyin ilk illəri həm sizin, həm də bizim ölkədə çox mürəkkəb dövr idi, böyük məhrumiyyətlər vardı. Vətəndaş müharibəsi müharibələrin ən pisidir. Təəssüf ki, xalqlarımız bu ağır hal ilə üzləşdilər. Ona görə də bu gün Tacikistanın uğurlu inkişafı, əlbəttə, ilk növbədə ictimai-siyasi sabitlik və nəzərdə tutduqlarınızın hamısını reallaşdıracağınıza əminlik sayəsində mümkün olur. Biz dinamikanı bunda görürük. Çünki bu gün dünyada, Yer kürəsinin müxtəlif regionlarında bir-birinə tamam zidd olan proseslər gedir. İqtisadi və maliyyə böhranı davam edir. Bir sıra ölkələr hələ də böhrandan çıxmayıb. Bizim sərhədlərimizin yaxınlığında müharibələr alovlanır, sabitliyin pozulmasının, terrorizmin, radikalizmin yeni ocaqları yaranır. Belə şəraitdə əlverişli vəziyyət, yaxşı investisiya ab-havası yaradılması, sosial məsələlərin uğurlu həlli, əlbəttə, ən yüksək qiymətə layiqdir.

Qardaş Tacikistan xalqını bu uğurlar münasibətilə bir daha təbrik etmək istəyirəm. Biz Azərbaycanda buna sevinirik və artıq qeyd etdiyim kimi, əməkdaşlıq üçün yeni layihələr hazırlamağa çalışırıq.

Siyasi sahədə bizim münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik. Biz bir sıra beynəlxalq və regional təşkilatların üzvləriyik, hər yerdə - həm BMT-də, həm ATƏT-də, həm İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda bir-birimizi dəstəkləyir, bir-birimizin təşəbbüslərinə səs veririk. Beləliklə, münasibətlərimizi daha da möhkəmləndiririk.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyimizi irəli sürəndə Tacikistan Azərbaycanı fəal dəstəklədi və biz 155 ölkənin səsi ilə bu yüksək yeri tutduq. Bizi dəstəkləyən bütün ölkələrə minnətdarıq. Biz bəyan etmişdik ki, həm özümüzü, həm də bütün dostlarımızı təmsil edəcəyik. Belə də oldu. Azərbaycan iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü oldu, dünyanın bu ən mühüm qurumuna iki dəfə başçılıq etdi.

Biz başqa beynəlxalq təşkilatlarda da fəal işləyirik. Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədridir. Bu da bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz həm İslam Əməkdaşlıq Təşkilatının və həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biriyik. Beləliklə, ümumilikdə yüzdən artıq ölkəni birləşdirən bu iki təşkilatda fəal iştirak edir və öz milli maraqlarımızı fəal qoruyuruq. Zənnimcə, bizi yaxınlaşdıran daha bir amil ondan ibarətdir ki, öz siyasətimizi milli maraqlarımıza əsaslanaraq yürüdürük. Biz müstəqil dövlətlərimizi xalqlarımızın milli mədəni dəyərləri əsasında qururuq. Bu, hər bir ölkə və gələcək üçün təməldir.

Əlbəttə, əminəm ki, bizdə olduğu kimi, Tacikistanda da gənc nəsil vətənpərvərlik, Vətəninə sevgi ruhunda, milli ruhda böyüyür. Bu, xüsusən indiki vaxtda, qloballaşma ilə əlaqədar proseslərlə bağlı müəyyən təhlükələr olduğu vaxtda çox vacibdir. Proseslər əsasən gənc nəsli əhatə edir. Buna görə bizim gənclər öz ölkəsinə, öz xalqına bağlı olmalı, Vətəni sevməli və milli ruhda tərbiyə olunmalıdır. Əlbəttə, biz bütün dünya üçün açığıq, biz bütün dünya ilə əməkdaşlıq edirik.

Rektorun artıq qeyd etdiyi kimi, Azərbaycan sivilizasiyaların dialoqu, mədəniyyətlərarası dialoq sahəsində çox iş görür və artıq müntəzəm olaraq dördüncü dəfə keçirilən Bakı Humanitar Forumu əsasən multikulturalizm ilə bağlı məsələlərə həsr edilib. Odur ki, burada bizim çox yaxşı təcrübəmiz var. Təbii ki, bizim dövlətimizin əsası və gələcək uğurlarımızın rəhni xalqımızın ənənəvi dəyərlərinə arxalanmağımızdır. Biz bu dəyərləri qoruyub saxlamalı, möhkəmlətməliyik, yeni, gənc nəsil də bu ruhda tərbiyə olunmalıdır.

Azərbaycanın xarici siyasətindən danışarkən qeyd etmək istərdim ki, biz çox fəal xarici siyasət yürüdürük. Biz yalnız öz milli maraqlarımıza əsaslanaraq müstəqil xarici siyasət yürüdürük və beynəlxalq təşkilatlarda milli maraqlarımızı müdafiə edirik. Bu gün bunun üçün kifayət qədər imkanımız vardır. Biz həm də çalışırıq ki, beynəlxalq təşkilatlar öz nüfuzlarını itirməsinlər. Bu isə əgər həmin təşkilatların qəbul etdikləri qərarlar yerinə yetirilmirsə, yaxud bir halda yerinə yetirilib, başqa halda yerinə yetirilmirsə baş verə bilər. Biz bununla üzləşmişik və özümüzə münasibətdə ədalətsizliyi müşahidə edirik. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının qərarları bəzi hallarda bir gün ərzində yerinə yetirilir, amma bizim başlıca problemimizin – Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı bu cür qərarlar 20 ildən çoxdur ki, kağız üzərində qalır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 20 ildən çox bundan əvvəl qəbul edilib. Lakin həmin qətnamələr yerinə yetirilmir və işğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona lazımi təzyiq göstərilmir. Bu, ədalətsizlikdir. Bu, ikili standartların təzahürüdür. Təəssüf ki, belə hallarla getdikcə daha tez-tez üzləşirik. Bəzən elə təsəvvür yaranır ki, ikili standartlar artıq beynəlxalq münasibətlərin normasıdır. Lakin belə olmamalıdır. Ona görə ki, müasir dünya quruluşunun, dünya nizamının əsasını təşkil edən fundamental prinsiplər mövcuddur. Bu, ölkələrin ərazi bütövlüyünə hörmət, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsidir. Əgər bu qərarlar yerinə yetirilmirsə, deməli, həmin qərarları həyata keçirə bilməyən təşkilatlar nüfuzdan düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir. Bizim ərazilərimizin 20 faizi, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və digər rayonlar işğal altındadır. Bu hadisə 1990-cı illərin əvvəlində baş verib. İşğal nəticəsində bizdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə aparılıb. ATƏT monitorinq məqsədilə iki dəfə öz nümayəndə heyətlərini işğal edilmiş ərazilərə göndərib və hər iki dəfə onların məruzələrində yazılıb ki, hər şey - bütün şəhərlər, bütün kəndlər, bizim bütün tarixi abidələr dağıdılıb, muzeylərimiz qarət edilib, məscidlərimiz təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər.

Münaqişənin tənzimlənməsi təkcə xarici siyasətimizin deyil, bütövlükdə siyasətimizin başlıca məsələsidir. Biz münaqişənin beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində və bu gün Tacikistan Prezidenti ilə imzaladığımız Birgə Bəyannamədə əks olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu görən bütün ölkələrə minnətdarıq. Bu, mövqedir, qardaşlıq, dostluq mövqeyidir. Eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqedir.

İşğalın ağır nəticələrinə baxmayaraq, biz ölkəmizi inkişaf etdirmək üçün özümüzdə güc tapdıq. Son illərdə Azərbaycan fəal inkişaf edib. İqtisadi sahədə həyata keçirilmiş çox səmərəli islahatlar birinci mərhələdə xarici kapitalı cəlb etməyə, yaxşı investisiya şəraiti, habelə biznes fəaliyyəti üçün əlverişli mühit yaratmağa imkan verdi. Dünən Tacikistan-Azərbaycan biznes forumu keçirildi. Həmin forumda əmtəə dövriyyəsinin artırılması və bir sıra iqtisadi məsələlərin həlli üçün konkret addımlar nəzərdə tutuldu. Biz Azərbaycanda iqtisadi inkişafın əsas istiqamətləri – islahatlar, biznes mühitinin, investisiya şəraitinin yaxşılaşdırılması, habelə enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün fəal iş aparmışıq və aparırıq. Hesab edirik ki, bunlar sərhədlərimizin sırf təhlükəsizliyi məsələləri ilə yanaşı, həm də ölkənin milli təhlükəsizliyini formalaşdıran əsas elementlərdir.

Biz neft və qaz ehtiyatlarının işlənilməsinə xarici sərmayələr cəlb etməklə enerji təhlükəsizliyi məsələsini tam həll etməyi qərara almışıq. Bu gün biz artıq mövcud olan və tikilməsi planlaşdırılan neft-qaz kəmərləri vasitəsilə təbii ehtiyatların nəqlini tamamilə şaxələndirmişik. Azərbaycanda hasil edilən nefti və qazı bütün istiqamətlər üzrə nəql edən 7 kəmər var. Odur ki, biz öz ehtiyatlarımızın nəqlinin şaxələndirilməsini təmin etmişik. Eyni zamanda, neft və qaz hasilatının artırılması üzərində işləyirik.

Keçən ay icrasına başlanmış layihə artıq XXI əsrin layihəsi adı alıb. Bu, dünyada ən iri qaz yatağı olan “Şahdəniz” yatağının işlənilməsi, bu gün Azərbaycan qazından istifadə etmək imkanı olmayan bir sıra ölkələrə həmin qazı çatdıracaq “Cənub” qaz dəhlizinin tikilməsi layihəsidir.

Beləliklə, Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Biz qonşularımızın da enerji təhlükəsizliyini təmin edirik. Fikrimizcə, təbii ehtiyatlara malik olan ölkələr bu cür ehtiyatlara malik olmayan bütün ölkələrə güzəştli qiymətlərlə, lazım olan vaxtda kömək etməlidirlər. Çünki biz adada yaşamırıq, bir-birimizin əhatəsində yaşayırıq. Buna görə qonşularla yaxşı münasibətlər olmalıdır. Biz buna çalışırıq və gücümüz daxilində kömək edirik. Əgər bizə kömək lazım olsa, biz də qonşularımızdan kömək gözləyirik və adekvat münasibət görürük. Buna görə gələcəkdə enerji təhlükəsizliyi ölkələrin inkişafının, iqtisadi inkişafın daha mühüm amili olacaq və siyasi təhlükəsizliyi təmin edəcəkdir.

Biz ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri də fəal həll edirik. Məqsədimiz Azərbaycanı, öz əhalimizi əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək idi. Ona görə ki, ərazimiz o qədər böyük olmasa da, biz praktiki olaraq bütün kənd təsərrüfatı bitkilərini yetişdiririk. Buna görə istehsalın artırılması və özünütəminetmə bizim əsas məqsədlərimizdən biridir. Biz artıq buna yaxınıq və kənd təsərrüfatı məhsullarının, inşaat materiallarının və digər malların artıq ixracatçısına çevrilmişik.

Şübhəsiz, nəqliyyat təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməlidir. Bizim coğrafi mövqeyimiz əlverişlidir. Allah bizə gözəl torpaq, yaxşı iqlim, mənzərəli təbiət bəxş edib və yerləşdiyimiz məkan birbaşa Avropa ilə Asiyanın arasındadır. Tarixi İpək Yolu bizim ərazimizdən keçirdi. Biz bu tarixi İpək Yolunu müasir infrastrukturla bərpa edirik. Bu gün biz ölkəmizin nəqliyyat təhlükəsizliyini təmin edəcək, Azərbaycanı Şimal və Cənub qonşularımız üçün tranzit ölkəyə çevirəcək Şimal-Cənub layihəsində fəal iştirak edir, həmçinin Şərq-Qərb layihəsinə, Böyük İpək Yoluna fəal sərmayə yatırırıq.

Keçən ay biz Xəzər dənizində ən iri – yükaşırma qabiliyyəti 25 milyon ton olan limanın birinci xəttini istifadəyə vermişik. Birinci xətt istifadəyə verilib, iki ildən sonra limanın tikintisi tamamilə başa çatdırılacaq. Gələn il Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirəcək, beləliklə, Asiya ilə Avropanı əlaqələndirəcək dəmir yolunun tikintisi başa çatacaq. Bu gün biz Prezidentlə Tacikistanın da bu yola qoşulması məsələsini müzakirə etdik. Bu, Asiyadan Avropaya, Avropadan Asiyaya ən qısa yol olacaq. Biz bu infrastruktura fəal sərmayə qoyuruq ki, tranzit hesabına əlavə maliyyə daxilolmaları təmin edilsin. Bundan əlavə, əlbəttə, həmin dəmir yolu istifadəyə veriləndən sonra ölkəmizin əhəmiyyəti xeyli artacaq. Çünki ölkəmizin ərazisindən çox böyük həcmdə yük axınları keçəcək.

Bir sözlə, yeni İpək Yolu əslində gerçəkləşir, biz bütün qonşularımızı – həm yaxın, həm də uzaq qonşularımızı, dostlarımızı, Tacikistan tərəfini də bu layihələrdə fəal iştirak etməyə çağırırıq. Bu gün biz Düşənbə ilə Bakı arasında birbaşa aviareysin bərpa olunması məsələsini də müzakirə etdik. Bu, ölkələrimizin daha da yaxınlaşması üçün çox yaxşı səmərə verəcək, Bakıdan keçməklə Avropaya, artıq indi Amerikaya səfərlər asanlaşacaq. Biz Azərbaycandan Amerikaya birbaşa reys açmışıq. Beləliklə, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi fəaliyyətimizin əsas istiqamətləridir.

Əlbəttə, bununla yanaşı, biznesin inkişafına çox böyük diqqət yetiririk, güzəştli kreditlər, subsidiyalar və fermerlər üçün güzəştlər vasitəsilə sahibkarlığın inkişafını stimullaşdırırıq, iqtisadiyyatımızın qeyri-neft sektorunda istehsalın artırılmasına nail oluruq. Bu, başlıca məqsəd idi. Neftdən və qazdan asılılığı azaltmaq üçün bizə yeni iş yerləri yaratmaq lazımdır. Həm Tacikistanda, həm də Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır. Yəni, ölkələrimizin əhalisi artır. Bu, bizi çox sevindirir. Bu, ölkələrimizin potensialını gücləndirir. Lakin, eyni zamanda, bu, qarşımızda yeni vəzifələr qoyur. Çünki biz iqtisadiyyatın səviyyəsini yüksəltməli və onu əhalinin artımına uyğunlaşdırmalıyıq. Bizim ölkədə vətəndaşların sayı hər il 100 min nəfər artır. Təbii ki, bu, daimi iş aparılmasını tələb edir. Biz əldə edilmiş nailiyyətlərlə arxayınlaşmamalıyıq. Biz daim sərmayə qoymalı, yeni iş yerləri, yeni istehsalatlar yaratmalı, davamlı inkişafı təmin etmək üçün yeni ixrac bazarları axtarmalıyıq.

Bu gün biz buna nail olmuşuq. Dünyada ən nüfuzlu iqtisadi institutun - Davos İqtisadi Forumunun qiymətləndirməsinə görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. Yəni, biz dünyanın rəqabətə ən davamlı nəinki ilk 50, hətta ilk 40 ölkəsi sırasındayıq. Biz işsizliyi, yoxsulluğu azaltmışıq, bir sıra sosial məsələləri həll etmişik. Lakin buna baxmayaraq, artıq dediyim kimi, biz dayana bilmərik. Biz daim fəal işləməliyik ki, ölkəmizi daha da möhkəmləndirək, müsbət demoqrafik potensialdan maksimum istifadə edək.

Bilirik ki, çox ölkələr əhalinin sayının azalması ilə bağlı problemlərlə üzləşir. Bu, təbii prosesdir. Çünki doğum göstəricisi azalır. Həmçinin bəzi ölkələr, o cümlədən bizim qonşuluğumuzdakı ölkələr miqrasiya ilə bağlı problemlərlə üzləşir. Yəni, əhali ölkəni daim tərk edir və bu, əlbəttə, böyük problemlər yaradır, gələcəkdə də yaradacaqdır. Bizim ölkələr məhz bu mənada müsbət dinamikaya malikdirlər və bu, ölkələrimizi yalnız möhkəmləndirəcək və xalqlarımız üçün yeni imkanlar yaradacaqdır.

Əlbəttə, mən Azərbaycan haqqında çox danışa bilərəm, çünki bizim son illərdə gördüyümüz işləri bir qısa mühazirədə əhatə etmək çətindir. Bu gün ali məktəbdə olduğumdan, sonda onu da demək istərdim ki, biz təhsil sahəsində də çox iş görürük. Ona görə ki, bu, gələcək inkişafın əsasıdır.

Mən Azərbaycanda, rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır. Sadəcə, haqlı olaraq inkişaf etmiş ölkələr sayılan dövlətlərə nəzər salmaq kifayətdir. Bir qayda olaraq həmin ölkələrdə neft və qaz yoxdur, orada elmi potensial var. Elmə sərmayə qoyulması enerji ehtiyatlarından daha artıq səmərə verir. Ona görə ki, hər bir elmi kəşf sonradan praktikada əksini tapır, sənayedə tətbiq edilir, yeni iş yerləri, yeni texnologiyalar, yüksək izafi dəyərə malik olan yeni məhsullar yaradır. Bu, bəşəriyyəti irəliyə aparır. Biz də bu ölkələr sırasında olmalıyıq.

Əlbəttə, real danışsaq, bu gün Azərbaycanın dünya elminin inkişafını müəyyən edəcəyini gözləmək çətindir. Lakin bizim elə hazırlıqlı mütəxəssislər təbəqəmiz olmalıdır ki, biz dünyada ən qabaqcıl texnologiyaları ləngimədən özümüzdə tətbiq edə bilək. Ona görə bu sahəyə - təhsil və elm sahəsinə investisiyalar bizim üçün prioritet məsələlərdən biridir.

Biz bu sahəyə çox sərmayə qoymuşuq. Son on ildə Azərbaycanda 3 minə yaxın məktəb binası tikilib və ya təmir edilib. Bizdə cəmi 4500 məktəb var, yəni, məktəblərin çox hissəsi yenidən tikilib. Bu proses davam edir. Lakin tikinti ilə yanaşı, keyfiyyət də lazımdır. Mənim fikrimcə, burada bizim təhsil müəssisələri arasında əlaqələri nizamlamaq və daim bilik mübadiləsini təmin etmək, tələbələri təhsil almağa göndərmək lazımdır. Ümumiyyətlə, gənclər daha çox ünsiyyətdə olmalıdırlar ki, bizim malik olduğumuz və qiymətləndirdiyimiz əlaqələr itirilməsin, çünki bizim nəsil Tacikistanın və Azərbaycanın bir ölkədə olduğu dövrdə doğulub və böyüyüb.

Sizin nəsliniz xoşbəxt nəsildir. Çünki siz müstəqil dövlətdə dünyaya göz açıb yaşamısınız. Bu, böyük xoşbəxtlikdir. Çoxları bəlkə də dərk etmir ki, bu, necə böyük xoşbəxtlikdir. Bunu dərk etmək üçün bizim təcrübəmiz lazımdır, biz yaşadığımız ölkədə öz dövlətçiliyimiz yox idi. Bizim beynəlxalq təşkilatlarda yerimiz yox idi. BMT-də bizim bayrağımız yox idi və biz fikirləşirdik, nə üçün bizim öz dövlətimiz yoxdur. Ən böyük ədalət ondan ibarətdir ki, bu gün bizim öz dövlətlərimiz var və bu, məhz gənclərin, o cümlədən bizim də böyük xoşbəxtliyimizdir.

Lakin bir məsələ var ki, gənc nəsil öz aralarında, - mən bizim ölkələrimizi nəzərdə tuturam, - bizim nəsil kimi ünsiyyət saxlamır. Buna görə tələbə təşkilatları və universitetlər, institutlar arasında birbaşa əlaqələri – sadəcə səfərləri, ünsiyyəti, təcrübə mübadiləsini, təhsili tənzimləmək lazımdır. Ölkələrimizi bir-birinə daha çox yaxınlaşdırmaq üçün nə mümkündürsə etmək lazımdır.

Mən sizin gözəl ölkənizə bu niyyətlərlə gəlmişəm və həmkarımla bu istiqamətdə fəal işləyirik. Ümidvaram ki, bizim təşəbbüsümüz gənclərə də sirayət edəcək və siz də əlaqələrimizin möhkəmlənməsi naminə azərbaycanlı yaşıdlarınızla işləyəcəksiniz.

Mənə verdiyiniz yüksək ada görə bir daha təşəkkür edirəm. Bütün Tacikistan xalqına sülh və firavanlıq diləyirəm. Sağ olun.

X X X
Universitetin rektoru Mahmaisuf İmomov dərin məzmunlu nitqinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.

Dövlətimizin başçısı universitetin xatirə kitabına ürək sözlərini yazdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb