RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Beyləqan rayonuna səfəri
Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan körpü istifadəyə verilib VİDEO
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, mühüm strateji ərazidə yerləşən və artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Dövlətimizin başçısının tapşırığına əsasən 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.
Yeni tikilən körpünün yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 1400 metr, körpünün özünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. NK-100 standartına uyğun olaraq salınan körpü 2 orta, 2 yan dayaq üzərində qurulub və 9 bal gücündə zəlzələyə davamlıdır.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə yerli “Evrascon” ASC tərəfindən layihə icra olunarkən mövcud köhnə körpüdə də təmir işləri aparılıb və ehtiyatda saxlanılacaq.