RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri ilə görüş VİDEO

Davos, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olundu. Bildirildi ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin