RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin və Sinqapur Prezidenti Toni Tanın geniş tərkibdə görüşü

Sinqapur, 21 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sinqapur Prezidenti Toni Tanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Görüşdə xüsusi vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcəkdir.

Qeyd edildi ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırıldı ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər vardır.

Bildirilmişdir ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir.

Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlindi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin