SİYASƏT
Azərbaycan Prezidenti: İxrac potensialımızın artması ölkəmizin dayanıqlı inkişafını göstərir VİDEO

Bakı, 18 may, AZƏRTAC
Bizim ixrac potensialımız artır. Bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında ölkəmizin ixrac potensialından danışarkən bildirib.
“Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev deyib ki, biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq: “Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır. Bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq. Xüsusilə də indi - dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq”.