SİYASƏT


Azərbaycan Prezidenti “Pandora sənədləri”ni iftira və böhtan adlandırıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün “Pandora sənədləri” kimi iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil və bunun arxasında kimlərin dayandığı məlumdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində “Pandora sənədləri” haqqında suala cavabında söyləyib.

Bunun səbəblərini izah edən Prezident deyib ki, Qərbdəki bəzi dairələr Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər: “İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır”.

“Həmin çirkin hekayələrin mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”

“Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”, - deyə Prezident İlham Əliyev müsahibəsində vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.