SİYASƏT
Azərbaycan Prezidenti tərəfdaş ölkələri BMT TŞ-nin qətnamələrinin icra mexanizmlərinin hazırlanması səylərinə qoşulmağa dəvət edib
Bakı, 26 aprel, AZƏRTAC
Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyub. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.
AZƏRTAC xəbər verir ki, bu faktları Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışı zamanı səsləndirib.
BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini, lakin həmin qətnamələrin icra olunmadığını xatırladan dövlətimizin başçısı deyib: “Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir. Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi”.
Prezident qeyd edib ki, ötən il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücüm əməliyyatına başlamaq məcburiyyətində qaldı.
“Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır”, - deyə Prezident İlham Əliyev əlavə edib.