Azərbaycan Prezidentinin Almaniya səfərindən sonra Avropanın regionumuza diqqəti daha da artıb – gürcü ekspert
AzerTAg.az

Tbilisi, 22 mart, AZƏRTAC
Almaniyanın xarici işlər naziri Analena Berbok martın 23-24-də Gürcüstanda səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, səfərin məqsədi iki ölkə arasında sıx və birbaşa əlaqələr yaratmaq və Gürcüstan ilə gələcəkdə Avropada əməkdaşlığı dərinləşdirməkdir.
Səfər çərçivəsində almaniyalı nazirin Gürcüstan prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşləri nəzərdə tutulur. Bundan əlavə, nazir tələbələrlə, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşəcək.
Görüşlərdə Almaniyanın Gürcüstanın Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına dəstək verməsi, bu sahədə həyata keçiriləcək islahatlar, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzuları olacaq.
Bəzi siyasətçilərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Almaniyaya səfərindən sonra Avropa ölkələrinin Azərbaycana və Cənubi Qafqaza marağı daha da artıb.
Politoloq, tarixçi alim Quram Marxuliya AZƏRTAC-a müsahibəsində deyib ki, indi Avropanın Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycana və Gürcüstana daha çox ehtiyacı var. Prezident İlham Əliyevin Almaniyada regionun vacibliyi ilə bağlı səsləndirdiyi bəyanatlar, Azərbaycanın enerji layihələri, eləcə də Azərbaycanın və Gürcüstanın beynəlxalq nəqliyyat sektorundakı rolu barədə söylədikləri hamının diqqətini çəkib.
“Düşünürəm ki, avropalı nazirlərin bölgəyə səfərləri bundan sonra daha da intensivləşəcək”, – deyə Marxuliya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var