SİYASƏT


Azərbaycan Prezidentinin BMT-nin 75-ci Sessiyasındakı çıxışı bütün dünya ictimaiyyətinə mesajdır

Bakı, 24 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında həmişə olduğu kimi, bəşəri və milli mövqeni universal şəkildə uzlaşdırmağa müvəffəq oldu. Prezident İlham Əliyevin BMT-nin yubiley tədbirində çıxışı, qaldırdığı məsələlər, dəqiq qiymətləndirmələr və çağırışlar yalnız Azərbaycan vətəndaşlarına deyil, bütün dünya ictimaiyyətinə, tərəqqipərvər insanlara mesajdır.

Dövlətimizin başçısı çıxışında birmənalı olaraq bəyan etdi ki, Azərbaycan 75 yaşını qeyd edən BMT-dən statusuna, mandat-missiyasına, tərəqqipərvər bəşəriyyətin ehtiyaclarına uyğun müdrik və qətiyyətli qərarlar gözləyir. Çünki BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri hələ də yerinə yetirilməyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bildirib.

Q.Paşayeva diqqətə çatdırıb ki, dövlətimizin, xalqımızın maraqları həmişə humanizm, birgəyaşayış, beynəlxalq hüququn normalarına hörmət ruhunda olub. Paytaxt Bakı ən azı son iki onillik ərzində sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanına çevrilib. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan özünəməxsus mədəni irsə malik olan ölkədir.

“Biz zaman-zaman yeni sivilizasiya dalğaları ilə “görüşsək” də, heç vaxt bizdən əvvəlki elmi nailiyyətlərin, dini, mədəni və mənəvi dəyərlərin məhv olmasına yol verməmişik, əksinə, onları qoruyub saxlayaraq inkişaf etdirmiş və yeni intibah üçün gücümüzün yetdiyi qədər zəmin yaratmışıq. İndi bizim torpaqlarımıza göz dikənlər, Qarabağda “ikinci erməni dövləti” yaratmağa çalışanlar məhz bizim qonaqpərvərliyimiz, tolerantlığımız, xeyirxahlığımız sayəsində tarixin sərt döngələrində yox olmaqdan qurtulub, bizim hesabımıza “dövlət” olub, bizim hesabımıza ayaqda dura biliblər. Biz xalq, dövlət, mədəniyyət və ölkə miqyasında heç vaxt müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni birliyinə qarşı çıxmamışıq. Tam əksinə, özümüz zaman-zaman belə münasibətsizliklərdən itkilərə məruz qalmışıq. Nəinki uzaq keçmişdə, XX əsrin sonu - XXI əsrin əvvəllərində, eləcə də bu gün anti-bəşəri, qeyri-humanist davranışlarla üz-üzə qalmaqdayıq. Məhz həmin BMT-nin üzvü olan Ermənistan təşkilatın digər üzvü Azərbaycanın torpaqlarını işğalından əl çəkmir, bu beynəlxalq qurumun qərarlarına məhəl qoymur”, - deyə deputat bildirib.

BMT-də islahatlar aparılmasının vacibliyini vurğulayan Q.Paşayeva qeyd edib ki, qurumun Baş Assambleyasının canlandırılması, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verməsi üçün səylər göstərməsi lazımdır. İslahatlar BMT-nin qlobal iqtisadi idarəçilikdə rolunun gücləndirilməsinə də gətirib çıxarmalıdır.

Diqqətə çatdırılıb ki, Azərbaycan 30 ilə yaxın müstəqilliyi dövründə müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olub. Bu nailiyyətlərin içində dünya birliyinin etibarlı üzvü olaraq beynəlxalq humanitar dəstək, xeyirxahlıq, qlobal təhdidlərə qarşı təşəbbüskarlıq və məsuliyyət özünəməxsus yer tutur.

“Azərbaycan Prezidenti BMT-nin 75-ci Sessiyasında həm də Qoşulmama Hərəkatının sədri kimi 120 dövlətin adından danışırdı. Öz nüfuzu ilə BMT-dən geri qalmayan Qoşulmama Hərəkatı 65 illik yubileyini qeyd edir. Hərəkatın təməl prinsiplərini özündə əks etdirən “Bandunq bəyannaməsi”nin qəbul edilməsindən 65 il ötür. Bu müddət ərzində “Bandunq prinsipləri” onlara sadiqliyini açıqlayan dövlətləri “soyuq müharibə” dönəmində düzgün istiqamətdə yönləndirib.

Dövlət başçımız da qeyd etdiyi kimi, Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük önəm verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir”, - deyə Q.Paşayeva vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, beynəlxalq hüquq normalarına hörmətsizlik edən təcavüzkar Ermənistan hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti aparır. Düşmən həmin ərazilərdə xalqımıza məxsus tarixi, dini abidələri tamamilə məhv edib. “Ermənistan ordusu qoşunların təmas xəttində, sərhəd boyunca mülki əhalini qəsdən hədəfə alır, hərbi təxribatlar törədir, qanlı avantüralara imza atır. Cari ilin iyulunda Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində mülki vətəndaşımız və hərbçilərimiz həlak oldular. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı təxribatçı hərəkətləri, təcavüzü hələ də davam edir. İşğalçı ölkə bizimlə müharibəyə hazırlaşır. Biz düşmənə layiq olduğu cavabı verəcəyik. Respublikanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və bu, bizim “qırmızı xəttimizdir!”, - deyə komitə sədri qeyd edib.

Qənirə Paşayeva bildirib ki, işğalçı ölkənin müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” açıqlamaları ilə hədələyir. Ermənistan rəsmiləri tez-tez Mingəçevir su anbarını, hətta Bakını, neft yataqlarını vurmaqdan danışırlar. İşğalçı ölkə beynəlxalq neft, qaz və dəmir yolu xətlərini hədəf aldıqlarını bu ilin iyulunda Tovuza hücumla bir daha nümayiş etdirmiş oldu.

“Ermənistan Beynəlxalq Sülh Günündə belə silahı yerə qoymadı və yenə Tovuz istiqamətində kövrək atəşkəsi pozdu. Nəticədə insan tələfatı oldu. Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməlidir? Dünya özü cavab versin və bundan sonra baş verəcəklərə görə bizi qınamasın”, - deyə Q.Paşayeva fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.