SİYASƏT
Azərbaycan Prezidentinin Dünya Enerji Konqresində iştirakı Türkiyə mətbuatının diqqət mərkəzində
Bakı, 11 oktyabr, AZƏRTAC
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək məqsədilə qardaş ölkəyə səfərinə və mötəbər tədbirdəki çıxışına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “Sabah”, “Hürriyyət”, “Yeni çağ” və digər qəzetlər Azərbaycan Prezidentinin Dünya Enerji Konqresində səsləndirdiyi fikirləri “Əliyevdən türk xalqına mesaj”, “Qardaşlığımız daimidir” və bənzər sərlövhələr altında ictimaiyyətə çatdırıblar.
İnformasiya agentlikləri, xəbər portalları Azərbaycan Prezidentinin hər zaman olduğu kimi, Türkiyəyə birmənalı dəstəyini ifadə etdiyini vurğulayıblar. Qəzetlər dövlətimizin başçısının Konqresdəki çıxışında bu ilin iyulunda Türkiyənin çətin bir sınaqdan şərəflə çıxdığına, Türkiyə xalqının böyük qəhrəmanlıq göstərərək çevriliş cəhdinin qarşısını aldığına, dövlətçiliyi qoruduğuna dair fikirlərini ön plana çıxarıblar.
Azərbaycan və Türkiyə prezidentlərinin ikitərəfli görüşünün, eləcə də Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə Konqresdəki söhbətin səmimi şəraitdə keçdiyi qeyd edilir.