SİYASƏT


Azərbaycan Prezidentinin IX Qlobal Bakı Forumunda səsləndirdiyi sülh mesajları avropalı parlamentarilərin diqqətinə çatdırılıb

Strasburq, 22 iyun, AZƏRTAC

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva qurumun yay sessiyasında “Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə” mövzusunda çıxış edib. Koronavirus pandemiyasının yaratdığı böhranın etnik azlıq qruplarına qarşı irqçilik və ksenofobiya hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb olduğuna diqqəti çəkərək, Avropada etnik ayrı-seçkiliklə mübarizə üçün beynəlxalq və milli səviyyədə bir sıra qanunvericilik aktlarının qəbul edilməsinə baxmayaraq, bu problemin hələ də davam etdiyini və onun həlli üçün yeni vasitələrə ehtiyac olduğunu bildirib.

Azərbaycan təcrübəsinə toxunan deputat qeyd edib ki, ölkəmiz müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc və birgə yaşadığı nümunəvi ölkələrdən biridir. Vətən müharibəsindən sonra regionda dayanıqlı sülh və əməkdaşlıq üçün əlverişli mühit yaranıb. Otuz ilə yaxın müddətdə torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğalda saxlanılmasına görə əziyyət çəkən Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa etməyə nail olub və regionda dayanıqlı sülh üçün əlverişli imkan yaradıb.

K.Nurullayeva bir neçə gün əvvəl keçirilən IX Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi sülh mesajlarını sessiya iştirakçılarının diqqətinə çatdıraraq deyib: “Azərbaycan hər zaman olduğu kimi, yaranmış yeni reallıqlar fonunda bütün əhalisinin hüquq və təhlükəsizliyini təmin edir və bu çərçivədə Qarabağda yaşayan ermənilərin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaqdır. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Azərbaycanın paytaxtı Bakıda keçirilən IX Qlobal Forumda dövlətimizin başçısı da bir daha rəsmi şəkildə bəyan etdi ki, Konstitusiyamızla Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla bütün millətlərin nümayəndələri bərabər hüquqla təmin olunurlar. Azərbaycan hökuməti cəmiyyətdə olan sülh, müxtəliflik və harmoniyanın qorunması üçün ən mühüm sərvət olan multikulturalizm ənənələrinin inkişafı və möhkəmləndirilməsi strategiyasına sadiqdir”.

Azərbaycanlı deputat, həmçinin qlobal əhəmiyyətə malik antisemitizm məsələsi ilə bağlı bəzi təkliflər səsləndirib. Bildirib ki, irqi ayrı-seçkiliklə üzləşən qrupların təhsil müəssisələrində, siyasi partiyalarda, parlamentlərdə və müxtəlif dövlət xidmətlərində müvafiq şəkildə təmsil olunmasına çalışılmalıdır. Ölkədə yaşayan etnik qrupların nümayəndələrinə müxtəlif vasitələrlə iqtisadi fəaliyyətlə məşğul olmaq və məşğulluq səviyyələrini yüksəltmək imkanı yaradılmalıdır. Avropa ölkələri Avropa Komissiyasının ötən il təqdim etdiyi antisemitizmlə mübarizə üzrə ilk Avropa İttifaqı Strategiyasına daxil edilmiş tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirməlidirlər.

Azərbaycanlı deputat vurğulayıb ki, antisemitizmlə mübarizədə hər kəs məsuliyyət daşıyır. Ayrı-seçkiliyə son qoymalı, daha yaxşı cəmiyyət qurmalıyıq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.