SİYASƏT
Azərbaycan Prezidentinin İslam həmrəyliyi ideyası bütün dünya müsəlmanları üçün böyük önəm daşıyır
Tehran, 24 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi təqdirəlayiq haldır. İslam həmrəyliyi bu gün ən əhəmiyyətli məsələdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın “Dəniz” qəzetinin və “dəniznews” saytının baş redaktoru, Urmiya şəhərində fəaliyyət göstərən “Hövzeyi hünər” Mədəniyyət Mərkəzinin bədii ədəbiyyat şöbəsinin müdiri Mustafa Quluzadə deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin bu ideyası təkcə Azərbaycan yox, bütün İslam dünyası üçün böyük önəm daşıyır. Dünyada cərəyan edən qlobal proseslərə nəzər saldıqda görərik ki, doğrudan da İslam həmrəyliyinə böyük ehtiyac var.
M.Quluzadə qeyd edib ki, İran uzun müddət haqsız və ədalətsiz sanksiyalara məruz qalsa da, mənəvi dəyərlərini itirmədi. İslam dini İranda yaşayan müxtəlif müsəlman xalqlarının birliyinin qorunub saxlanılmasında böyük rol oynadı.
İslam dini adından sui-istifadə halları artdıqca ona qarşı neqativ meyillər də artır. Lakin əsl həqiqətdə İslam humanist, sülhsevər, insanları mehriban şəraitdə yaşamağa səsləyən bir dindir. Həmrəylik isə İslama qarşı olan neqativ təbliğatın qarşısını alar. Odur ki, Azərbaycan Prezidentinin bu addımı bütün ziyalılar və din xadimləri tərəfindən də dəstəklənir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran