SİYASƏT


Azərbaycan Prezidentinin Münhendə və digər beynəlxalq tribunalarda etdiyi çıxışlar Vətən müharibəsində real nəticəyə çevrildi

Bakı, 14 fevral, AZƏRTAC

Bir il əvvəl - 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələr tarixi debat kimi bu gün də xatırlanır. Həmin debatda N.Paşinyan istər siyasi səriştəsizliyi, istərsə də tarixi savadsızlığına görə faktiki olaraq məğlub durumda idi. Onun münaqişə ilə bağlı səsləndirdiyi absurd iddialar, separatçı qurumun üçüncü tərəf kimi danışıqlar masasına cəlb olunmasına dair cəfəng və təzadlı fikirlərinin hər birinin əsassız olduğu Azərbaycan Prezidenti tərəfindən beynəlxalq ictimaiyyətin gözü qarşısında konkret faktlarla sübuta yetirildi. Paşinyanın münaqişənin həlli prosesində, onun öz təbirincə desək, “mikroinqilablar” etmək istəyi isə, sadəcə olaraq, iflasa uğradı.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyev Münhen debatında beynəlxalq ictimaiyyəti prinsipial şəkildə əmin etdi ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və tapacaq. Bu tarixi debatda dövlətimizin başçısının arqumentli çıxışları bir daha təsdiqlədi ki, Azərbaycan istər tarix, istərsə də beynəlxalq hüquq baxımından haqlı tərəfdir. Prezident İlham Əliyev eyni qətiyyəti və prinsipiallığı “Valday” Diskussiya Klubunun iclasında və Bişkekdə keçirilmiş MDB Dövlət Başçılarının Sammitində də sərgiləmişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Valday”da səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi münaqişənin həllində real nəticə kimi öz təsdiqini tapdı.

“Ümumiyyətlə, İlham Əliyev Prezident seçildiyi ilk gündən bəyan etdiyi kimi, Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanda daim dövlət siyasətinin mərkəzində olub. Azərbaycan dövləti illər ərzində bir dəfə də olsun bu prinsipial mövqeyindən geri çəkilməyib. Dövlətimizin başçısı bütün beynəlxalq tribunalardan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri başda olmaqla, mövcud hüquqi sənədlərə istinad edərək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini bəyan edib. Bu istiqamətdə Ermənistanın işğalçı siyasətinə son qoyması, münaqişənin sülh yolu ilə həllinə dair bütün mümkün güzəştlər nəzərdən keçirilib. Lakin ATƏT-in Minsk qrupunun həmsədrlərinin qətiyyətsizliyi, cəzasızlıq mühitində işğalçının arxayınlaşması, Nikol Paşinyanın ziddiyyətli bəyanatları, Ermənistan ordusunun sərhəddə və o zamankı təmas xəttində ardıcıl təxribatları münaqişə ilə bağlı 30 ildir məqsədli şəkildə qorunub saxlanan status-kvonu dəyişmək zərurəti yaratdı”, - deyən deputat bildirib ki, Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında, eləcə də digər beynəlxalq tribunlarda etdiyi çıxışlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində real nəticəyə çevrildi.

K.Nurallayeva diqqətə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini təxminən 30 ildən sonra yerinə yetirdi. Bu, bir daha sübut etdi ki, Prezident İlham Əliyevin sözü ilə əməli vəhdət təşkil edir. 44 günlük müharibədə qazanılan tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası bunun əyani sübutudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.