SİYASƏT


Azərbaycan Prezidentinin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamı icra olunub

Bakı, 30 dekabr, Məmməd İsayev, Rafael Həsənov, AZƏRTAC

Azərbaycan Prezidentinin dekabrın 29-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dekabrın 30-da icra olunub.

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 79 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, üç nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, beş nəfər isə cərimə cəzasından azad olunublar.

AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanası, 2, 6, 10, 16, 17 saylı və digər cəzaçəkmə müəssisələrdən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını və Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə əminliklərini bildiriblər.

Qeyd edilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv Sərəncamı da bu humanist qərarların tərkib hissəsidir. Dövlətimizin başçısının bu humanist addımı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bir çox ailələri sevindirib.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədləri təqdim edib.

Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.