CƏMİYYƏT


Azərbaycan Prezidentinin ötən bir il ərzindəki fəaliyyəti vətəndaşlarımızda doğru seçim etdiklərinə bir daha əminlik yaradır

Bakı, 9 aprel, Həsrət Mahmudova, AZƏRTAC

Rəy sorğularının təşkili sahəsində nüfuzlu “Opinion Way” şirkətinin keçirdiyi növbəti sorğuda respondentlərin böyük əksəriyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəstəkləməsi dövlətimizin başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsidir.

Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a açıqlamasında deyib.

Sorğunun nəticələrinin respondentlərin İlham Əliyevə inamını aydın şəkildə ifadə etdiyini diqqətə çatdıran İ.Orucov bildirib: “Azərbaycan vətəndaşlarının öz prezidentlərinə inamının əsasında dövlətimizin başçısının həyata keçirdiyi siyasətin dövlət və milli maraqlara cavab verməsi, reallaşdırılan islahatların hədəfində Azərbaycan vətəndaşının mənafelərinin üstün tutulması ən mühüm amil kimi qeyd olunmalıdır. Azərbaycanda həyata keçirilən müsbət dəyişiklikləri hər bir azərbaycanlı gündəlik həyatında hiss edir və bu dəyişikliklərin müəllifi məhz Prezident İlham Əliyevdir. Bunun nəticəsidir ki, bir il əvvəl keçirilən seçkilərdə xalq öz iradəsinin ifadəsi olaraq liderinə növbəti dəfə səs verdi. Ötən bir il ərzində həyata keçirilən islahatlar, görülən işlər, sosial layihələr, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar, təqaüdlərin, müavinətlərin, əmək haqlarının artırılması, əhalinin daha həssas təbəqəsini əhatə edən proqramlar birmənalı olaraq insanlar tərəfindən yüksək qiymətləndirilir və onlarda doğru seçimlərinə bir daha əminlik yaradır”.

Cəmiyyətinin sədri bildirib ki, Azərbaycan regionlarının inkişafına yönəlmiş konkret dövrləri əhatə edən mərhələli Dövlət proqramları ilə ən ucqar rayonların siması dəyişib, heç vaxt yolu olmayan ucqar kəndlərə belə yüksəkkeyfiyyətli yollar çəkilib, ən müasir məktəblər tikilməklə insanlarımızın təhsil imkanlarının əlçatanlığı təmin edilib, müasir xəstəxanalar inşa olunub. Ölkəmizdə korrupsiya əleyhinə mübarizə gücləndirilib, sahibkarlığın və biznesin inkişafına yönəlik qanunvericilik təkmilləşdirilib, iş adamlarının fəaliyyətinə mane olan əsassız yoxlamalar və müdaxilələr aradan qaldırılıb. İqtisadiyyatın şaxələndirilməsi və karbohidrogen ehtiyatlarından asılılığın minimuma endirilməsi istiqamətində reallaşdırılan strategiya konkret nəticələr verir. Regionlara səfərləri zamanı Prezident insanlarla birbaşa ünsiyyətə girərək onları maraqlandıran, narahat edən məsələləri müzakirə edir. Bu baxımdan şəhid ailələrinə, hərbçilərə qayğı da xüsusi qeyd olunmalıdır. Həmçinin təbii fəlakətlər və bədbəxt hadisələr zamanı dövlətimizin başçısı insanların yanında olur. Azərbaycan dövlətinin hərbi gücünün daha da artırılması, ordu quruculuğu istiqamətində həyata keçirilən işlər davam etdirilir. Elm, təhsil, mədəniyyət sahəsinə qayğı və diqqət artırılır. Gənclərə, onların hərtərəfli inkişafına hədəflənmiş proqramlar icra olunmaqdadır.

“Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, dövlətimizin başçısının diqqətindən kənarda qalsın. Belə olan halda insanlarımızın mövqeyinin əks olunduğu istənilən obyektiv sorğu məhz xalqın öz liderinə inamını ifadə edən “Opinion Way” şirkətinin keçirdiyi sorğudakı kimi real nəticələrlə eynilik təşkil edəcək”, - deyə İlqar Orucov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.