ELM VƏ TƏHSİL


Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmləndirilir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, rektor Ceyhun Məmmədov Azərbaycanın Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. 1991-ci ildə xalqımızın iradəsi, əzmi nəticəsində müstəqilliyimizin yenidən əldə edildiyini bildirən C.Məmmədov bu tarixi nailiyyətin ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində əbədilik və dönməzlik qazandığını xüsusi vurğulayıb. Bu siyasətin uğurla davam etdirildiyini bildirən rektor deyib ki, hazırda beynəlxalq aləmdə vəziyyət gərgin olsa da, Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunur və daha da möhkəmləndirilir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, müstəqillik xalqımızın mənəviyyatından irəli gələn mental dəyərdir. Xalqımızın sarsılmaz gücü sayəsində azadlığa nail olduğunu vurğulayan A.Mirzəzadə Azərbaycanın tarixən qüdrətli dövlətlərə nümunə olduğunu qeyd edib. Həmçinin ölkəmizin regionda həlledici söz sahibi olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycan xalqının böyük potensialının onu daim qoruduğunu, bacarığı sayəsində çətin durumlardan həmişə çıxış yolu tapdığını bildirən Milli Məclisin deputatı XX əsrin astanasında müstəqilliyimizin qazanılmasını məhz bu mental xüsusiyyətlə əlaqələndirib. Vurğulanıb ki, xalqımız bu dövrdə özünün Heydər Əliyev kimi fenomen şəxsiyyətini yetişdirib. 1991-ci ildə müstəqillik bizə tarix tərəfindən hədiyyə olunmayıb: “Biz onu qazanmışıq və XX əsrdə yarımçıq qalmış arzularımızı reallaşdırmağa başlamışıq”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətlərinin əvəzsiz olduğunu deyən A.Mirzəzadə bildirib ki, dahi şəxsiyyətin Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkəmiz müstəqilliyinin ilk illərində yaranmış bütün bəlalardan xilas olub.

Deputat deyib: “Bu gün Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Dövlətimizin başçısının 15 illik fəaliyyəti göstərdi ki, o, Ümummilli Liderin ən layiqli davamçısıdır”.

A.Mirzəzadə Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artıma, mədəni inkişafa görə nəinki regionda, eləcə də dünyada lider mövqeyə çatdığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.