SİYASƏT


Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar xalqımızın sabaha inamını daha da artırır

Bakı, 10 aprel, AZƏRTAC 

Dünya təcrübəsi göstərir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı bilavasitə ölkə rəhbərinin idarəçilik məharətindən asılıdır. Biz bunu Azərbaycan dövlətinin nümunəsində görürük. On beş ildən artıq müddətdə ölkəyə rəhbərlik edən İlham Əliyevin apardığı siyasət ulu öndər Heydər Əliyevin əsasını qoyduğu kursun yeni çalarlarla davamıdır. Bu siyasətin əsasında hakimiyyətlə xalqın birliyi dayanır. Bu gün Azərbaycan Prezidentinin siyasətində sosialyönümlü layihələr əsas yer tutur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyatın tənzimlənməsi kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Roza Əliyeva bildirib.

Roza Əliyeva qeyd edib ki, hər bir xalqın maddi rifahının yaxşılaşdırılması bilavasitə həmin ölkənin iqtisadi inkişafından asılıdır. Burada Ulu Öndərin bir fikri yada düşür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Buna görə də bir milyondan çox qaçqın, köçkünü olan Azərbaycanın iqtisadi baxımdan güclü olması lazımdır. Dövlətimizin başçısı bu amili düzgün dəyərləndirərək iqtisadi və sosial sahədə inqilabi addımlar atır. Bu addımların nəticəsidir ki, Azərbaycan dövləti xeyli uğurlara imza atıb. On beş il ərzində iqtisadiyyatımızın əsas göstəricisi olan ümumi daxili məhsulumuz 3,2 dəfə, qeyri neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft sektoru məhsullarının ixracı 4,1 dəfə artıb. Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb.

Azərbaycan Prezidenti hər zaman xalqının yanındadır. Bunu biz yaranmış problemlərin aradan qaldırılmasında bir daha görürük. Bu yaxınlarda Şamaxıda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması, eyni zamanda, Nizami rayonunda ticarət mərkəzində yanğın nəticəsində çətin vəziyyətə düşən insanlara dərhal dövlət dəstəyinin göstərilməsi bu amili bir daha təsdiq edir. Son aylarda dövlətimizin başçısı sosial, iqtisadi sahələrdə dünyada analoqu olmayan addımlar atıb, sərəncamlar, fərmanlar imzalayıb.

Azərbaycan dövləti nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də qlobal iqtisadi layihələrə imza atır. Buna misal olaraq, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunu göstərmək olar. Bu zavod Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib.

Azərbaycan Prezidenti tərəfindən atılan bütün bu addımlar, icra edilən yerli və qlobal layihələr xalqımızın sabaha inamını daha da artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.