CƏMİYYƏT


Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in xilasetmə qüvvələri Türkiyəyə yola salınır

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınır.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə Türkiyəyə göndərilir.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisi, general-mayor Etibar İsmayılov jurnalistlərə müsahibəsində deyib: “Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in ilkin olaraq 370 xilasedicisi xüsusi xilasetmə avadanlığı və təminat növləri ilə təchiz olunaraq, qardaş ölkəyə göndərilir. Azərbaycanlı xilasedicilər zəlzələnin nəticələrinin aradan qaldırılmasında türkiyəli qardaşları ilə birlikdə çalışacaqlar”.

Növbəti mərhələdə yeni yardımların da göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan Xidmət rəisi qeyd edib ki, Türkiyədə xilasetmə işləri üçün XRXX-nin Kinoloji qrupunun kinoloqları və xüsusi təlim keçmiş 8 iti göndərilir. FHN-in xilasetmə qrupunun fəaliyyət göstərəcəyi ərazi zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə Mərkəzi Qərargahla razılaşdırıldıqdan sonra müəyyənləşdiriləcək.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində Türkiyənin 10 vilayətində ümumilikdə 284 nəfər ölüb, 2323 nəfər xəsarət alıb. Zəlzələnin ən çox hiss edildiyi Kahramanmaraş vilayətinin Pazarcık rayonunda gücü 7,4 bal olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.