İQTİSADİYYAT


Azərbaycan Prezidentinin təşəbbüsü ilə “OPEC plus” ölkələri ilk dəfə Bakıda toplaşır

Bakı, 16 mart, AZƏRTAC

Martın 18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə “OPEC plus” formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər.

Neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan “OPEC plus” əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirərək, bu formatda keçirilən tədbirlərə ev sahibliyi edir və neft bazarının tənzimlənmə prosesinə töhfə verir.

Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü (JMMC) iclasında OPEC-in baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcəklər. Tədbirə, həmçinin OPEC üzvləri - Əlcəzair, BƏƏ, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin yüksək səviyyəli nümayəndə heyəti qatılacaq.

İclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falihin, OPEC prezidenti Manuel Kevedo Fernandesin və baş katib Məhəmməd Barkindonun salamlama nitqləri nəzərdə tutulub.

Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.

İclasın yekunlarına dair mətbuat konfransı keçiriləcək. Tədbiri işıqlandırmaq üçün 20-dən çox xarici media orqanı və yerli KİV-in 180 nəfərə yaxın nümayəndəsi qeydiyyatdan keçib.

Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl - martın 17-də Bakıda Müştərək Texniki Komissiyanın (JTC) 27-ci iclası da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.