İQTİSADİYYAT


Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Macarıstana səfərinin yekunları barədə təəssüratlarını AZƏRTAC ilə bölüşüb

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Macarıstana səfərinin yekunları barədə təəssüratlarını AZƏRTAC ilə bölüşüb

Budapeşt, 2 dekabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov noyabrın 28-dən 30-dək Macarıstanda səfərdə olub.

E.Hüseynov AZƏRTAC-a müsahibəsində səfər çərçivəsində keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşüb. O, agentliyin xüsusi müxbiri ilə söhbətinin əvvəlində bu ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Ovarinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərini xatırladıb. Həmin səfər zamanı qonağa Ağdamın dağıdılmış dini və tarixi abidələri, habelə şəhərin bərpası planı barədə məlumat verilib.

Emin Hüseynov özünün budəfəki səfərinin ilk gününü xüsusi qeyd edib, bildirib ki, həmin gün üç mühüm görüş keçirilib. Birinci görüş Macarıstan Prezidentinin müşaviri Kriştof Altus ilə olub. Həmin görüşdə ikitərəfli əməkdaşlığın miqyası dəqiqləşdirilib, iki lider – Prezident İlham Əliyev və Baş nazir Viktor Orban arasında münasibətlərin dostluq xarakteri, onların sıx əlaqələri, bütün platformalarda və bütün məsələlərə dair həmrəy olmaları, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa layihələrində Macarıstanın iştirakının vacibliyi və bu layihələrin iqtisadi cəhətdən rentabelli xarakter daşıması qeyd edilib.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət katibinin müavini xanım Katalin Bihari ilə görüşdə Macarıstanı bütün dünyada məşhurlaşdıran, xüsusən su təchizatı, baza infrastrukturunun yaradılması və maşınqayırma sahələrində zəngin potensialın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştiraka cəlb edilməsi perspektivləri müzakirə olunub. Emin Hüseynov AZƏRTAC-a müsahibəsində qeyd edib ki, həm 44 günlük müharibə zamanı, həm də münaqişədən sonrakı dövrdə Azərbaycanı dəstəklədiyinə görə Macarıstan hökumətinə təşəkkürünü bildirib. Bu dəstəyin rəmzlərindən biri ölümsaçan sursatlarla çirkləndirilmiş ərazilərin minalardan təmizlənməsi üçün Macarıstan tərəfindən ayrılmış qrantdır. Xanım Bihari öz tərəfindən bildirib ki, Macarıstan şirkətləri öz töhfələrini verə biləcəyi sahələri yerində öyrənmək üçün onların Azərbaycana biznes turunu təşkil etməyə hazırdır.

Üçüncü görüş ölkənin Macarıstan xarici siyasət idarəsinin dövlət katibinin digər müavini cənab Adam Ştifter ilə olub. Həmin görüşdə Emin Hüseynov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq arenada dəstəklədiyinə görə Macarıstan hökumətinə təşəkkür bildirilib. O AZƏRTAC-a müsahibəsində qeyd edib ki, cənab Ştifter iki ölkə arasında sıx əlaqələr olmasını yaxşı bilir, çünki o özü həm ikitərəfli, həm də çoxtərəfli formatda danışıqların çoxunda iştirak edib. Görüşdə gələn il Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri, ondan əvvəl isə, artıq gələn həftə Azərbaycanın iqtisadi inkişaf naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri ilə bağlı böyük gözləntilər olması vurğulanıb.

Emin Hüseynov Macarıstanın İxracın Stimullaşdırılması Agentliyinin (HEPA) və macar şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşlər barədə də məlumat verib. Bu görüşlərdə 20-yə yaxın firmanın rəhbərləri və əməkdaşları ilə təmsil olunmuş Macarıstan tərəfi azərbaycanlı qonaqlara təqdim edilməyə hazır olan xidmətlərin və məhsulların əvvəlki siyahısını genişləndirib. Bununla əlaqədar, müsahibimiz vurğulayıb ki, su təchizatı, təmizləyici qurğular, müvafiq avadanlığın istehsalı, sututarların, rezervuarların, kanalizasiya şəbəkələrinin təmiri, su ehtiyatlarının, o cümlədən yağış sularının idarə edilməsi sahəsində macarların topladığı təcrübə və qazandığı nailiyyətlər Azərbaycan üçün həmişə maraqlı olub. Bu məsələlərdə Macarıstan liderlər arasındadır. Bundan əlavə, E.Hüseynovun sözlərinə görə, Macarıstan tərəfin təklif etdiyi avadanlığın və xidmətlərin dəyəri başqa ölkələrdən olan rəqiblərin təklifləri ilə müqayisədə çox cəlbedicidir. HEPA-da keçirilmiş görüşdə məlum olub ki, artıq qüvvədə olan kontraktlar çərçivəsində yeni istiqamətlər mümkündür. Qeyd edilib ki, qaz, elektrik, su və kanalizasiya şəbəkələrini eyni vaxtda yaratmaq məqsədəuyğundur, çünki bu halda vaxta və resurslara qənaət etmək imkanı yaranır. Ona görə də Azərbaycan məhz bu rejimdə işləməyə hazır olan və bunu bacaran şirkətlərin cəlb edilməsində maraqlıdır.

E.Hüseynovun sözlərinə görə, HEPA-da keçirilən görüşdə mobil konteynerlər təklif edən şirkətlər xüsusi maraq doğurub. Gediş-gəliş çətin olan regionlarda bərpa işləri ilə məşğul olan işçilər üçün əlverişli şərait yaratmaq məqsədilə belə konteynerləri daşımaq və orada quraşdırmaq mümkündür.

Kənd təsərrüfatı üzrə ixtisaslaşan, o cümlədən istixanalar yaratmaq sahəsində təcrübəsi olan, həmçinin “yaşıl energetika” ilə məşğul olan şirkətlər də maraq doğurub. E.Hüseynov qeyd edib ki, bu çox vacibdir, çünki Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl zonalar” elan edib. Burada yaradılacaq yaşayış məhəllələrindəki evlər enerji effektivliyi, qışda istiliyin və yayda sərinliyin saxlanması tələblərinə cavab verməlidir. Buna görə də Azərbaycan tikinti zamanı izolyasiya materiallarından istifadə edilməsi təcrübəsi olan, həmçinin bu cür materiallar istehsalı ilə məşğul olan macar tikinti şirkətlərinin cəlb edilməsində maraqlıdır. Hüseynov qeyd edib ki, görüşdə belə şirkətlərdən biri onu daha çox maraqlandırıb, həmin şirkət də öz növbəsində Ağdam rayonunda ekoloji və energetik baxımdan innovasiyalı tikinti materialları istehsalı xəttinin açılmasında maraqlı olduğunu bildirib. Bu, qarşılıqlı faydalı olardı – həm yeni iş yerləri, həm də bərpa proqramı kontekstində zəruri olan məhsullar yaranardı.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi deyib: “Bu görüş göstərdi ki, bizim öz ölkəmizdə görüləsi işlərimiz çoxdur”.

AZƏRTAC artıq xəbər vermişdi ki, Emin Hüseynov Lakitelekadakı “Hungaricum Park”da da olub, bu parkın rəhbərliyi ilə görüşüb. O, həmin səfərdən aldığı təəssüratları barədə sualın cavabında deyib ki, təəssüratları gözlədiyindən də güclü olub, bu səfər belə bir gözəl ölkə ilə tanışlığın kulminasiya nöqtəsi olub. 27 hektar boş sahədə açıq səma altında muzey, turizm zonası və təhsil mərkəzi yaradılıb. Bu, sadəcə biznes layihə deyil, maarifçilik baxımından böyük əhəmiyyət kəsb edən bütöv bir təhsil kompleksidir. Buraya gələnlər ölkə haqqında, o cümlədən macar alimlərin və idmançıların nailiyyətləri barədə çox şey öyrənəcəklər. (Məsələn, məşhur Planetariumu, macar futbolunun əfsanəsi Ferens Puşkaşa həsr edilmiş guşəni xüsusi qeyd etmək olar). Burada termal hovuzlar, turistlər üçün alaçıqlar, tədbirlər keçirilməsi üçün konfrans zalları var. Mərkəzdə sağlamlıq düşərgələri, korporativ müştərilər üçün hər cür şərait yaradılıb. Park elə təşkil edilib ki, buraya gələnlər özlərini Macarıstan tarixinin müxtəlif dövrlərinin iştirakçıları kimi hiss sərbəst etsinlər. Parkın əməkdaşlarının çoxu gənclərdir. Parkın tarixi seqmentləri macar dövlətinin, macarlar buraya gələnə və buranı vətən seçənə qədər həmin ərazidə yaşayan müxtəlif xalqların təşəkkülü barədə söhbət açır.

Emin Hüseynov ümidvar olduğunu bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də buna bənzər mərkəz yaradılacaq. O deyib: “Bizim mədəni irsimizin nəsildən-nəslə keçməsi üçün Ağdam rayonunda buna oxşar bir park yaratmaq yaxşı olardı. Bundan ötrü böyük ərazi tələb olunmur. Belə bir parkın yaradılması üçün məhz Qarabağ ideal yer olardı, ona görə ki, Qarabağ Azərbaycanın qəlbidir, Qarabağ Azərbaycandır”.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi müsahibəsinin sonunda qeyd edib ki, Macarıstan bizim üçün dost ölkədir. O xatırladıb ki, ölkəmiz bərpa işləri üçün tərəfdaşlar seçərkən müəyyənedici amil təkcə bu və ya digər şirkətin iqtisadi baxımdan rentabelliyi və qiymət baxımından cəlbediciliyi deyil, həm də onun təmsil etdiyi ölkədir. Həm 44 günlük müharibədən əvvəl, həm də müharibə zamanı və münaqişədən sonrakı dövrdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələrdən olan firmalara üstünlük verilir. Macarıstan isə şübhəsiz, bizim dostlarımız arasındadır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.