SİYASƏT


Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Macarıstanda bir sıra görüşlər keçirib

Budapeşt, 1 dekabr, AZƏRTAC

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov Macarıstanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində E.Hüseynov Macarıstan Prezidentinin xarici əlaqələr üzrə müşaviri Kriştof Altus, Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin xarici iqtisadi əlaqələrin inkişafı üzrə müavini Katalin Bihari və Şərq ölkələri ilə münasibətlərin inkişafı üzrə müavini Adam Ştifter, Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) və Lakitelek Fondunun rəhbərliyi, Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəlik Ofisinin icraçı direktoru Yanoş Hovari, eləcə də yerli şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, ölkənin milli ənənələrini və nailiyyətlərini nümayiş etdirən Lakitelek şəhərindəki Hunqarikum Parkı ilə yaxından tanış olub.

Görüşlərdə E.Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən danışıb, bu şanlı Qələbə nəticəsində torpaqlarımızın 30 illik erməni işğalına son qoyularaq dövlətimizin ərazi bütövlüyünün təmin edildiyini, beynəlxalq hüquq və tarixi ədalətin bərpa olunduğunu vurğulayıb. Həmçinin işğal dövründə torpaqlarımızda törədilmiş kütləvi dağıntılardan, tarixi, mədəni və dini abidələrin məhv edilməsindən danışıb, həmin ərazilərimizdə Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağın “yaşıl zona” elan edilməsi, həmin ərazilərin minalardan təmizlənməsi və məcburi köçkünlərimizin doğma yurdlarına qaytarılması istiqamətlərində görülən işlər, Azərbaycanın postmünaqişə dövründə sülh və əməkdaşlıq təşəbbüsləri, eləcə də ölkəmizdə həyata keçirilən islahatlar, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində icra edilən layihələr barədə ətraflı məlumat verib. Bunlarla yanaşı, xüsusi nümayəndə “Böyük Qayıdış” planının uğurla davam etdirildiyini, ölkə başçısının işğaldan azad edilmiş rayonlara mütəmadi olaraq səfərlər edərək görülən işlərlə yaxından tanış olduğunu, rayon ictimaiyyəti ilə görüşlər keçirərək təməlqoyma mərasimlərində şəxsən iştirak etdiyini vurğulayıb.

E.Hüseynov dost ölkə olan Macarıstanın dövlətimizin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyin, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə verdiyi töhfənin Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, Macarıstan şirkətlərini Qarabağda həyata keçirilən layihələrə qoşulmağa dəvət edib.

Qarşı tərəf Azərbaycanla Macarıstan arasındakı ənənəvi tərəfdaşlıq əlaqələrini vurğulayaraq, iki ölkənin liderləri arasında mövcud olan etibarlı münasibətlərin ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəmin yaratdığını, Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməyə və lazımi kömək göstərməyə hazır olduqlarını bildirib. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib.

HEPA-da müxtəlif sahələrdə fəaliyyət göstərən Macarıstan şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.