CƏMİYYƏT


Azərbaycan Prokurorluğu xarici tərəfdaşlarla əyani təcrübə mübadiləsi formatında qurulmuş əməkdaşlığını davam etdirir

Bakı, 8 avqust, AZƏRTAC

Hüquq-Mühafizə Orqanlarının İşçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyinin (CEPOL) proqramının formatına uyğun olaraq, Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin nümayəndəsinin ölkəmizin hüquq sistemi ilə tanışlıq səfərinin ardınca, bu ilin iyulunda qarşılıqlı olaraq Azərbaycan Prokurorluğu nümayəndəsinin də Litva Respublikasının tərəfdaş ölkəyə analoji təcrübə səfəri baş tutub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beşgünlük təcrübə mübadiləsində iştirak edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva Litva Respublikasının Xüsusi İstintaq Xidməti, Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi yanında Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti, Kriminal Polis Bürosu və digər dövlət orqanlarının müsbət təcrübələrini öyrənib.

Eləcə də cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizənin mühüm əhəmiyyəti nəzərə alınmaqla, təlim proqramında bu sahədə aparılmış son institusional dəyişikliklərə də xüsusi yer verilib, bu məqsədlə əməkdaşımız 2021-ci ildə yaradılmış Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə Mərkəzinin fəaliyyəti ilə yerində tanış edilib.

Litva Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı və kommersiya bankları tərəfindən birgə təsis edilmiş həmin Mərkəz çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində dövlət və özəl sektorun səylərini birləşdirməklə, bu sahədə mərkəzləşdirilmiş informasiya mübadiləsi platforması rolunu oynamaqdadır.

Proqram çərçivəsində nümayəndəmizə həmin qurumların təcrübəli mütəxəssisləri tərəfindən korrupsiya və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə, bu qəbildən olan cinayət növləri üzrə ilkin araşdırma və istintaqın aparılmasının müasir metodları, əmlakın bərpası fəaliyyəti ilə əlaqədar tətbiq edilən yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq əlaqələri, habelə tərəfdaş ölkənin qanunvericilik sisteminin yenilikləri barədə geniş təqdimatlar olunub, səlahiyyətli dövlət təsisatlarının elmi-texniki imkanları əyani formada nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.