RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının TƏSVİRİ

Azərbaycan Respublikasının 2018-ci il
31 may tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş və 1 mm enində hamar zolaqlarla konturlanmış səkkizguşəli ulduzun üzərində ətrafı 1 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili konturların arasında yaşıl minalı fonda qövs boyunca yuxarı hissədə “AZƏRBAYCAN PROKURORLUĞU” sözləri, aşağı hissədə isə “100” rəqəmi yazılmışdır.

2.3. Yazılarla “100” rəqəmi arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.4. Daxili çevrənin içərisində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemdən sol tərəfdə “1918”, sağ tərəfdə isə “2018” rəqəmləri yazılmışdır.

2.5. Yazılar, rəqəmlər və emblem qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın konturlanmış arxa tərəfinin səthi hamardır, mərkəzində “AZƏRBAYCAN PROKURORLUĞU” sözləri, sözlərdən aşağıda “1918–2018” rəqəmləri yazılmışdır.

3.2. Aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 10 mm enində boz rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq, 1 mm enində qızılı rəngli, 1,5 mm enində yaşıl rəngli, 1 mm enində ağ rəngli, 10 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur. 

4.2. Xara lentin yuxarı hissəsinə üzərində palıd yarpaqlarından ibarət çələng təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin