CƏMİYYƏT
Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla əməkdaşlığı təcrübə mübadiləsi formatında inkişaf etdirilir
Bakı, 24 may, AZƏRTAC
Hüquq-mühafizə orqanlarının işçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyinin (CEPOL) dəstəyi və Azərbaycan Respublikası Prokurorluğunun təşkilatçılığı ilə ölkəmizə ezam olunmuş Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin nümayəndəsi İeva Lukoşeviç dövlət qurumlarında beşgünlük təcrübə mübadiləsi keçib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanın hüquq sistemi ilə tanışlıq” mövzusunda keçirilən təcrübə mübadiləsi proqramının planına uyğun olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olan xarici nümayəndəyə ixtisaslaşmış prokurorluq orqanının fəaliyyətinin müxtəlif aspektləri - Baş İdarənin struktur qurumlarında işin təşkili, istintaq, əməliyyat-axtarış sahələrində müsbət təcrübələr, o cümlədən də beynəlxalq əməkdaşlıq əlaqələri üzrə ətraflı məlumat verilib, müasir inzibati binada yaradılmış səmərəli əmək şəraiti ilə tanışlıq olub.
Sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi, Cinayət təqibindən kənar icraatlar, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri, Elm-Tədris Mərkəzi və digər struktur qurumlarının işi ilə yaxından tanış olan İ.Lukoşeviçə dövlət orqanında aparılmış struktur islahatlar nəticəsində cinayətkarlığa qarşı mübarizədə yeni tətbiq olunan qabaqcıl hüquqi yanaşmalardan bəhs edilib. O, Baş Prokurorluğun yeni inzibati bina kompleksinin kriminalistik və digər elmi-texniki imkanları barədə məlumatlandırılıb.
Eləcə də təcrübə proqramının prioritetlərinə uyğun olaraq ölkəmizin milli irsi, hüquq sistemi və hüquqi-institusional quruluşu barədə müfəssəl məlumatlılığın təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Monitorinqi Xidməti, Sumqayıt Məhkəmə Kompleksi, “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyəti ilə tanışlıq keçirilməklə, sözügedən qurumların faydalı təcrübələri yerində öyrənilmiş, o cümlədən bir sıra mədəni-tarixi məkanlara səfərlər təşkil edilib.
Beynəlxalq təlim proqramının formatını uyğun olaraq, növbəti mərhələdə Azərbaycan Prokurorluğu nümayəndəsinin də qarşılıqlı olaraq Litvanın tərəfdaş dövlət qurumuna analoji təcrübə səfəri nəzərdə tutulur.