İQTİSADİYYAT
Azərbaycan Qadınlarının İKT Klubu 2015-ci il üçün nəzərdə tutulmuş iş planını qəbul edəcək
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Qadınlarının İKT Klubu görüş keçirəcək.
Klubun təsisçiləri 2015-ci il üçün nəzərdə tutulmuş iş planını qəbul edəcək, gənclər və xüsusilə qızlar arasında informasiya və kommunikasiya texnologiyaları sektorunun təşviqi məqsədilə orta məktəb və universitetlərdə maarifləndirici proqramlardan ibarət bir sıra ictimai tədbirlər fəaliyyətini hazırlayacaqlar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə, həmçinin klubun yeni internet saytının dizayn və konsepsiyasının təsdiq edilməsi və təşkilatın sıralarına yeni üzvlərin qəbul olunması nəzərdə tutulub.
Klubun bütün üzvlərinə Azərbaycanın qabaqcıl texnologiyası sayılan, mobil telefonun köməyi ilə rəqəmsal şəxsiyyət vəsiqəsi və imzalama funksiyasını yerinə yetirərək bütün elektron xidmətlərə giriş imkanı verən “Asan İmza” hədiyyə ediləcək. Hədiyyəni əldə edən iştirakçılara gündəlik həyatda “Asan İmza”dan necə və harada istifadə edilməsinə dair praktik təqdimat nümayiş olunacaq.
Bundan başqa, görüşdə klub təsisçilərinin peşəkar fəaliyyətləri və həyat yolunu əks etdirən sənədli videosüjetlərin hazırlanmasına dair xüsusi layihənin müzakirəsi də planlaşdırılır.
Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Cybernet”, BestComp, İnfipro, Milli Kart və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunurlar.